Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar – Ağabababəyov-Muğanlinski Abbasəli bəy Ağababa bəy oğlu


[02 (15).01.1869, İrəvan-1961, Bakı]

Azərbaycanın ilk ali təhsilli hüquqşünaslarından və azərbaycan Cumhuriyyətinin görkəmli xadimlərindən olan Abbasəli bəyin həyatı haqqında elmi ədəbiyyatdan məlumat çox azdır. Yalnız tanınmış araşdırıcı Əsgər Zeynalovun “İrəvan ziyalıları” adlı dəyərli əsərində şifahi bilgilərə əsasən, hüquqşünasın özü ilə yanaşı, uşaqları haqqında da yığcam bilgi verilib. Burada Abbasəli bəy haqqında yalnız arxiv bəlgələrinə söykənməklə dəqiq məlumat verəcəyik.

Kiyev Şəhəri Dövlət Arxivində oğlu Adil bəyin sənədləri içərisində Abbasəlibəyin 21 mart 1907-ci ildə tərtib edilmiş, AR Dövlət Arxivində Əsildar bəyin sənədləri içərisində isə 9 avqust 1919-cu ildə tərtib edilmiş əmək dəftəri saxlanılır. Məzmunca ikinci birincisini tamamladığına görə onlardakı bilgini birləşdirərək aşağıda veririk.

Öncə Kiyev şəhəri Dövlət Arxivində saxlanılan əmək dəftərindəki bilgilərlə tanış olaq.

Kollej assesoru Abbasəli bəy Ağabababəyov Tiflis şəhəri 4-cü Sülh Bölməsi sülh hakiminin köməkçisidir. 2 yanvar 1869-cu ildə doğulub, müsəlmandır, fərqlənmə nişanları yoxdur, illik məvacibi: maaş 1.000, yeməkpulu 500, mənzilpulu 500, yolpulu 200 manat. Cəmi 2.200 manat.

İmtiyazlı təbəqədəndir. Mülkünün olması haqqında bilgi yoxdur. Moskva İmperator Universitetində hüquq fakültəsi üzrə elmlərin tam kursunu 1894-cü ildə bitirərək, 2-ci dərəcəli diplom alıb. (Təəssüf ki, onun tələbəlik sənədlərini hələ də əldə edə bilməmişik). İrəvan dairə məhkəməsi sədrinin 11 iyul 1894-cü il tarixli 101 saylı sərəncamı ilə həmin məhkəmədə 6 iyul 1894-cü ildən dəftərxana qulluqçusu kimi həqiqi mülki xidmətə başlayıb.

Həmin ilin noyabrında yenə orda katib köməkçisi təyin edilib, cinayət bölməsi 3-cü masasının müdiri vəzifəsi də ona həvalə edilib.

24 iyul 1895-ci ildən məhkəmənin mülki bölməsinə keçirilib, bu bölmənin 3-cü masasının müdirliyi də ona həvalə edilib.

10 yanvar 1896-cı ildə məhkəmədə xüsusi sınaqdan keçdikdən sonra ona 940 saylı vəsiqə verilib.

Tiflis Məhkəmə Odası böyük sədrinin 12 fevral 1896-cı il tarixli 10 saylı əmri ilə 31 yanvar 1896-cı ildən İrəvan Dairə Məhkəməsində maaşsız məhkəmə vəzifələrinə böyük namizəd təyin edilib, İrəvan qəzası 3-cü istintaq sahəsinin müdirliyi də ona həvalə edilib və 15 martdan 10 may 1898-ci ilədək müdirlik edib.

İrəvan Dairə Məhkəməsinin 11 may 1896-cı il təyinatı ilə ona Yeni Bayazid qəzası özəl namizəd sahəsinə müvəqqəti müdirlik vəzifəsi həvalə edilib və 16 maydan 15 iyun 1896-cı ilədək orada müdirlik edib.

Məhkəmə sədrinin 4 iyul 1896-cı il sərəncamı ilə Qars sahəsi müstəntiqinə kömək üçün müstəqil istintaq aparmaqdan ötrü göndərilir və orada 5 oktyabr 1896-cı ilədək qalır.

Tiflis Məhkəmə Odası böyük sədrinin 5 iyul 1896-cı il əmri ilə 1.000 manat məvaciblə ştata təyin edilib, Yeni Bayazid qəzasında özəl istintaq sahəsi ilə məşğul olmağa göndərilib.

Məhkəmənin 15 oktyabr 1897-ci il tarixli təyinatı ilə ona Eçmiədzin (Üçkilsə) qəzasının 2-ci istintaq sahəsinə müvəqqəti müdirlik vəzifəsi həvalə edilib və 18 oktyabrdan 22 dekabr 1897-ci ilədək bu vəzifədə çalışıb.

Məhkəmənin 18 dekabr 1897-ci il təyinatı ilə ona Şərur-Dərələgöz qəzasının 2-ci istintaq sahəsində daimi müdirlik vəzifəsi həvalə edilib və həmin sahəni 1 yanvar 1898-ci ildə qəbul edib. Qəzanın 1-ci istintaq sahəsinin müvəqqəti müdirliyi də 9 fevral 1898-ci ildən ona tapşırılıb.

16 iyun 1898-ci ildə Ədliyyə Nazirliyi İdarəsinin əmri ilə İrəvan qəzası sülh hakiminin köməkçisi vəzifəsinə keçirilib.

11 avqust 1898-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən çıxıb. 27 noyabr 1898-ci il tarixli 55 saylı əmrlə ərizəsinə əsasən xidmətdən azad edilib.

19 avqust 1899-cu il tarixli 62 saylı əmrlə kollej katibi çini verilib. Tiflis Məhkəmə Odası böyük sədrinin 28 sentyabr 1900-cü il tarixli əmri ilə Tiflis Dairə Məhkəməsində böyük namizəd vəzifəsinə təyin edilib.

Həmin ilin 30 sentyabrında Tiflis Dairə Məhkəməsi ümumi yığıncağının qərarı ilə Zaqatala Sülh Bölməsi müstəntiqinə yardım üçün göndərilib.

18 oktyabr 1900-cü ildə Tiflisə çağırılaraq bu şəhərin 3-cü Sülh Bölməsinin boş qalmış müstəntiqini əvəz etmək ona həvalə edilib. 20 dekabr 1900-cü ildə 1.000 manat maaşla ştatı təsdiq edilib. Zaqatala Sülh Bölməsində istintaq sahəsinə müdirlik etməyə göndərilib və həmin sahəni 18 yanvar 1901-ci ildə qəbul edib.

15 dekabr 1901-ci ildə titulyar müşavir çini verilib. 23 may 1902-ci ildə Zaqatala Sülh Bölməsinə müdirlik ona tapşırılıb və 24 martdan 11 avqustadək bu vəzifəni yerinə yetirib.

1 iyul 1902-ci ildən Tiflis Dairə Məhkəməsinin yeni yaranmış sahələrinin birində sülh hakiminin köməkçisi təyin edilib.

23 yanvar 1903-cü ildə Zaqatala Bölməsi sülh hakiminin köməkçisi təyin edilib.

13 mart 1904-cü ildə Duşet istintaq sahəsinin müvəqqəti müdirliyinə göndərilib.

18 may 1904-cü ildən 19 fevral 1905-ci ilədək Duşet Sülh Bölməsinə müdirlik edib.

27 avqust 1904-cü ildə kollej assesoru çini verilib.

Öz birbaşa vəzifələrindən başqa, 20 yanvardan 5 dekabr 1906-cı ilədək Duşet Sülh Bölməsinə müdirlik edib.

Ədliyyə Nazirliyi idarəsi üzrə 28 avqust 1906-cı il tarixli 75 saylı əmrlə istintaq aparmaq üçün Tiflis şəhər 4-cü Sülh Bölməsi sülh hakiminin köməkçisi vəzifəsinə keçirilib.

İndi isə onun AR Dövlət Arxivindəki 9 avqust 1919-cu il tarixli əmək dəfətərinə göz yetirək. Xatırladırıq ki, bu sənəddən yalnız 1906-cı ildən sonraya aid bilgiləri götürmüşük.

Kollej müşaviri Abbasəli bəy Ağabababəyov Gəncə Dairə Məhkəməsinin sədridir, 2 yanvar 1869-cu ildə doğulub, müsəlmandır. İmtiyazlı təbəqədəndir. Müqəddəs Anna ordeni, II və III dərəcəli Müqəddəs Stanislav ordenləri var. İllik maaşı 3.300 manat, yeməkpulu 1.000 manat, mənzilpulu 1.000 manat, əlavə 240 manat; cəmi 5.540 manat.

16 noyabr 1907-ci ildə 76 saylı əmrlə Kutais Dairə Məhkəməsi Raçin Bölməsinin sülh hakimi təyin edilib.

5 aprel 1908-ci ildə 19 saylı əmrlə İrəvan Dairə Məhkəməsi Yeni Bayazid Sülh Bölməsi sülh hakimliyinə keçirilib.

26 may 1909-cu ildə 38 saylı əmrlə saray müşaviri çini verilib.

26 aprel 1910-cu ildə 22 saylı əmrlə Şərur-Dərələgöz Bölməsinin sülh hakimi vəzifəsinə keçirilib.

5 may 1910-cu il təyinatı ilə 23 may – 4 avqust 1910-cu ildə Dərəçiçək istintaq-sülh sahəsinə, 26 may 1910-cu il tarixli təyinatla 3-14 iyun 1910-cu ildə Yeni Bayazid istintaq sahəsinə müdirlik edib.

1 yanvar 1911-ci ildə xristian olmayanlar üçün III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.

25 aprel 1912-ci il təyinatı ilə 1-9 may 1912-ci ildə Şərur istintaq sahəsinə müdirlik edib.

18 fevral 1913-cü il tarixli 10 saylı əmrlə kollej müşaviri çini verilib.

1 yanvar 1914-cü ildə çalışqanlığına görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilib. Zaqafqaziya diyarında ilk beşillikdəki xidmətinə görə 16 noyabr 1912-ci ildən hesablanmaqla ildə 240 manat həcmində əlavə maaş təyin edilib.

14 oktyabr 1917-ci il tarixli 60 saylı əmrlə İrəvan Dairə Məhkəməsinin inzibati şöbəsinə üzv təyin edilib.

21 sentyabr 1914-cü ildən 7 yanvar 1918-ci ilədək Şərur istintaq sahəsinə müdirlik eidb.

Zaqafqaziya hökumətinin 6 aprel 1918-ci il tarixli 131 saylı əmri ilə İrəvan Dairə Məhkəməsininin məhkəmə hissəsi üzrə üzvü təyin eidlib.

Ermənistan Cümhuriyyəti Nazirlər Şurasının 28 noyabr 1918-ci il tarixli təyinatı ilə vəzifəsindən və ümumən qulluqdan azad edilib.

AR Dövlət Arxivində saxlanılan bir teleqramda Fətəli xan Xoyski və Xəlil bəy Xasməhəmmədov ədliyyə naziri Aslan bəy Səfikürdskiyə belə yazıblar: “İndi Abbasəli Ağabababəyov Tiflisdədir və Gəncəyə gedəcək. Onu təcili şəkildə Gəncə Dairə Məhkəməsinin sədri təyin etməyinizi xahiş edirik”. Bu teleqramdan sonra Azərbaycan Cümhuriyyəti hökumətinin 14 may 1919-cu il sərəncamı ilə Abbasəli bəy Gəncə Dairə Məhkəməsinin sədri təyin edilib. 25 may 1919-cu ildə xidmət yerinə gedib və vəzifəsinə başlayıb.

Evlidir. İlk nikahı 27 oktyabr 1897-ci ildə 14 may 1876-cı il doğumlu Leyli xanım İsgəndər bəy qızı Sultanova ilədir. Bu uşaqları var: Adil bəy, 13 dekabr 1898-ci il; Əsildar bəy, 14 sentyabr 1900-cü il; Fuadpaşa bəy, 10 sentyabr 1902-ci il, Zərifə xanım, 4 dekabr 1903-cü il, Nurəddinpaşa bəy, 8 may 1907-ci il və Nəzirə xanım, 27 fevral 1909. Arvadı və uşaqları müsəlmandır, onun yanındadırlar.

Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər