Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar – Ağabababəyov – Muğanlinski Adil bəy Abbasəli bəy oğlu


Ağabababəyov – Muğanlinski Adil bəy Abbasəli bəy oğlu

[13(26).12.1898, İrəvan ş.-1933-cü ildən sonra, Fransa]

Atası: Abbasəli bəy Ağabababəy oğlu Ağabababəyov – Muğanlinski (02.01.1869, İrəvan-1961, Bakı).

Anası: Leyli xanım İsgəndər bəy qızı Sultanova (14.05.1876-?).

Zaqafqaziya Şiə Ruhani İdarəsinin 21 aprel 1904-cü ildə Tiflis şəhərində verdiyi, şeyxülislam Ə.Axundzadə və başqalarının imzaladığı 995 saylı doğum şəhadətnaməsində İrəvan valiliyi İrəvan şəhəri Dəyirman küçəsi məhəlləsi məscidinin 1898-ci ilə aid doğum kitabının I hissəsində İrəvan valiliyi Eçmiədzin (Üçkilsə) qəzası Əkərək kəndinin sakini, 29 yaşlı Abbasəli bəy Ağabababəyov – Muğanlinskinin öz qanuni arvadı, 20 yaşlı Leyli xanım İsgəndər bəy qızından oğlu Adil bəyin 13 dekabr 1898-ci ildə doğulduğu qeyd edilib.

Adil bəy 15 sentyabr 1907-ci ildə İrəvan kişi gimnaziyasına girərək 1 may 1917-ci ilədək orada oxuyub və səkkizsiniflik tam kursu bitirib.

Attestatı imzalayan müəllimlər arasında türk (tatar) dili müəllimi İsmayıl Şəfibəyovun adı və qolu olsa da keçilən fənlər arasında türk dili yoxdur. Deməli, fənn keçilib, ancaq onu attestata yazmağı məktəb rəhbərliyi artıq sayıb.

İrəvan şəhər milis rəisi 1917-ci ilin aprelində belə bir vəsiqə verib ki, Adil bəy Zaqafqaziya müsəlmanı kimi hərbi mükəlləfiyyətdən azaddır, onun əvəzində pul ödəyir.

İrəvan şəhər milis rəisinin 1917-ci ilin mayında verdiyi 1197 saylı başqa bir vəsiqədə isə təsdiqlənib ki, Adil bəy Ağabababəyov – Muğanlinski həqiqətən Şərur-Dərələgöz Qəzası Sülh Bölməsinin sülh hakimi Abbasəli bəy Ağabababəyov – Muğanlinskinin oğludur və imtiyazlı bəy təbəqəsindəndir. Sənədə milis rəisi Q.Vəzirov, kargüzar M.Bağırbəyov qol çəkiblər.

İrəvan Dairə Məhkəməsi Şərur Dərələgöz Süh Bölməsinin sülh hakimi Abbasəli bəy Ağabababəyov – Muğanlinski 8 may 1917-ci ildə İrəvan valiliyinin Baş Noraşen kəndindən Kiyev Universitetinin rektoruna ərizə yazaraq bildirib ki, oğlum Adil bəy bu il İrəvan gimnaziyasını bitirərək bütün sənədlərini Kiyevə tibb fakültəsi tələbələri sırasına qəbul olunmaqdan ötrü göndərib. Abbasəli bəy qeyd edib ki, Kiyevdə tanışlarım var, mənim kimi kasıb bir adamın 1 uşağını orada oxutması asandır. Buna görə də onu tibb fakültəsinə götürməyinizi xahiş edirəm.

Adil bəyin özü də 8 may 1917-ci ildə İrəvanda Kiyev Universiteti rektoruna ərizə yazaraq tibb fakültəsinə götürülməsini xahiş edib və həmin Universitetə qəbul olunub. Ancaq Fevral inqilabından sonra Kiyevdə də nəinki təhsil almaq, hətta yaşamaq mümkünsüz olub.

1919-cu ildə Cumhuriyyət hökuməti xarici ölkələrə tələbə göndərmək qərarını açıqladıqdan sonra Adil bəy 12 avqust 1919-cu ildə AC maarif nazirinə yazdığı ərizədə İsveçrənin Cenevrə şəhərində tibb fakültəsində oxumaq istədiyini bildirib.

AC Ədliyyə Nəzarəti (Nazirliyi) Azərbaycan İstinaf Məhkəməsinin baş sədri Əliəkbər bəy Xasməhəmmədov 25 oktyabr 1919-cu ildə ədliyyə nazirinə məktub göndərib ki, Kiyev Universitetinin tələbəsi Adil bəy Ağabababəyov – Muğanlinski onun Ədliyyə Nəzarətinə aid edilməsi və Gəncə Dairə Məhkəməsi sədrinin sərəncamına göndərilməsindən ötrü Sizə təqdimat verməyimi xahiş edib.

Deməli, Abbasəli bəy xaricə göndərilmək işi düzələnədək oğlunu öz yanında işlətmək istəyib. Ədliyyə naziri Aslan bəy Səfikürdskinin 28 oktyabr 1919-cu il tarixli 150 saylı əmri ilə Adil bəyin istəyinə əməl edilib.

30 dekabr 1919-cu ildə Ağabababəyov – Muğanlinski təhsilini bitirdikdən sonra Azərbaycan Cumhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. Azərbaycan Cumhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında ona 541 saylı vəsiqə 13 yanvar 1920-ci ildə verilib.

Adil bəy Cenevrədə oxuya bilməyib, çünki İsveçrə heç bir tələbəmizə orada oxumağa icazə verməyib, o da məcbur olaraq Almaniyaya gedib. Sovet hakimiyyəti illərində tərtib olunmuş bir arayışda onun təhsilini bitirməyinə 6 ay qaldığı göstərilib.

Təhsilini bitirən adil bəy SSRİ-yə qayıtmayıb. Yaxın qohumu mərhum Dövran Muğanlinskidən aldığımız şifahi bilgilərə görə, onun son yaşayış yeri Fransanın Strasburq şəhəri olub, ancaq bu faktın doğruluğunu yoxlaya bilmədik.

Adil bəyin Almaniya-Fransa həyatı haqqında məhdud bilgilər yalnız qardaşı Əsildar bəyin 1933 və 1935-ci illərdə həbsi zamanı tərtib edilmiş istintaq sənədlərindəndir. Əsildar Muğanlı 30 mart 1933-cü ildə zindanda müstəntiqə deyib:

“1920-ci ilin başlanğıcında Müsavat hökuməti xaricdə təhsil almaq istəyən şəxsləri yığırdı. Başqa azərbaycanlılardan ibarət böyük bir qrupun tərkiində Almaniyaya oxumağa mən və qardaşım Adil Muğanlı da göndərildik. […] Qardaşım Adil Berlinə gedəndən universitetdə tibb fakültəsində oxuyub. Qardaşım universiteti bitirməyib və kəsiri olduğuna görə təqaüddən məhrum edilərək 1923-cü ildə Berlindən Parisə gedib, təhsilini orada davam etdirib. Qardaşımın Parisdə universiteti bitirib-bitirmədiyini bilmirəm, çünki 1929-cu ildən bəri ondan heç bir soraq almamışıq”.

26 iyun 1935-ci il dindirməsində isə Muğanlı müstəntiqə bunları bildirib:

“Mənim bir doğma qardaşım da var, Parisdədir. 3 ay bundan qabaq ondan açıqca almışam. Bunadək ondan iki il müddətində heç bir xəbər yox idi. O, mənimlə birlikdə Almaniyaya oxumağa göndərilib. Berlində Tibb Universitetində oxuyub. 1924-cü ildə Almaniyadan Fransaya getdi. Orada nə ilə məşğul olduğunu bilmirəm. Onun adı Adildir”.

17 sentyabr 1935-ci ildə şahid kimi dindirilmiş N.N.Nijeradze Ə.Muğanlı haqqında danışarkən onun qardaşı ilə bağlı deyib:

“Muğanlı Əsildarın Adil adlı qardaşını Müsavat hökuməti Əsildar kimi Almaniyaya oxumağa göndərib və o, SSRİ-yə qayıtmaq istəməyib, xaricdə, deyəsən, Fransada qalıb. Muğanlı, məsələn, 1933-cü ildə (sonunda) onunla görüşdüyüm zaman mənə sərhədi gizlicə keçmək istədiyini söyləmişdi. Təxminən 1934-cü ilin başlanğıcında Muğanlı mənə danışmışdı ki, qardaşım Adil SSRİ-yə gəlməməkdə düz edib, halbuki xarici ezamiyyətə getmiş Fərəczadə ona SSRİ-yə gəlməyi təklif edib. Bu haqda danışan Muğanlı deyib ki, SSRİ-yə gəlməyimə peşmanam və bu səhvimi heç vaxt özümə bağışlamayacağam”.

Adil bəyin Fransadakı həyatını öyrənməklə bağlı indiyədək bütün çalışmalarımız, təəssüf ki, nəticəsiz qalıb.

Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər