Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Tomas Midqli

O bu gün qlobal miqyasda üzləşdiyimiz ekoloji problemlərə böyük “töhfə” vermiş ən pis ixtiraçılardan biri hesab olunur. O, dünya tarixinə “ekologiyaya ən çox ziyan vuran alim” kimi düşüb. Söhbət Ozon təbəqəsinin məhvi də daxil olmaqla, dünyaya fayda əvəzinə zərər verən, bir çox fəlakətlərə səbəb olan amerikalı ixtiraçı, mühəndis və kimyaçı Tomas Midqlidən gedir…

Pensilvaniyada anadan olan Tomas Midqli Ohayo ştatının Kolumbus şəhərində böyüyüb boya-başa çatıb. Kornell Universitetində mühəndis-mexanik ixtisasına yiyələnən Tomas bir müddət sonra Amerika Kimya Cəmiyyətinin sədri seçilib. Elə bu ərəfələrdə pula olan hərisliyinə, tamahına güc gələ bilməyən mühəndis tetraetil qurğuşunu ixtira edib. Üzvü olduğu işçi qrupunun rəhbəri Çarlz Ketterinqlə telefon danışığı zamanı Midqli itkiləri bir kənara qoyub belə demişdi – “Bununla nə qədər pul qazanacağımızı təsəvvür edirsinizmi? 200 milyon dollar, bəlkə də daha çox qazanacağıq”.

Qurğuşundan (o zamanlar qurğuşun çox ucuz idi) qaynaqlanan bu maddə bir çox sahədə istifadə edilməyə başlandı. İstifadə edilən sahələrin başında bildiyimiz kimi, avtomobillər dururdu. Daha acınacaqlı tərəfi qurğuşunun istifadə edildiyi zavod və fabriklərdə işləyən işçilər bu maddə səbəbindən ölməyə başladılar. Artan ölüm hadisələrindən sonra hökumət son çarə olaraq zavod və fabrikləri bağlatdırdı. Qurğuşunun təsirinə məruz qalan insanlarda korluq, yuxusuzluq, böyrək çatışmazlığı, xərçəng, lezion kimi xəstəliklər yarandı. Fəqət Midqlini heç nə dayandırmadı. Bu dəfə də o, dünyanın ən mühüm problemi olan ozon təbəqəsinin məhvində böyük rol oynadı. Kimyaçı Tomas dezodorantlar, dondurucular və bəzi sənaye sahələrində istifadə edilən xloroflorokarbonu (CFC) icad etdi. Qurğuşun kimi zərərli təsirləri sonralar ortaya çıxan xloroflorokarbon ancaq 70-ci illərdə qadağan edildi. Amma artıq çox gec idi, Tomas Midqli edəcəyini etmişdi… O çoxdan işini tamamlamış və dünyanı fəlakətlərə sürükləyən icadlarının təsirini ətraf mühitə yaymışdı. Verdiyi bu qədər zərərdən sonra onun ölümü də maraqlı olub. Qurğuşun zəhərlənməsi və uşaq iflici səbəbindən 51 yaşında yatalaq xəstəsi olan Tomas özünü yataqdan qaldıracaq bir aparat düzəldib. Ancaq 55 yaşında bu aparatın silindrli hissəsinə ilişərək boğulub ölüb. Bəlkə də ahını aldığı təbiətin, insanların qanında boğulub, lakin bu günün özündə də biz hələ Tomas Midqlinin ölümcül ixtiralarının ağır nəticələrini yaşayırıq. Pul üçün elm və insanlıq adına bütün etik sərhədləri aşan alim özünü də bu yolda qurban verib.

respublika-news.az

Faydalı linklər