14/02/2025
Həmidulla Aslanov 16 fevral 1950 ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Hərimankənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1972-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və Universitetin zəmanəti ilə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (doktoronturasına) qəbul olunmuşdur. Onun elmi rəhbəri görkəmli riyaziyyatçılar akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlu olmuşdur. Bu görkəmli riyaziyyatçılar, eləcə də həmin illərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan akademik Zahid Xəlilov elmi inkişafında əhəmiyyətli rol oynamışlar. O elmi işini tamamlanmış və 1976-ci ildə elmlər namizədi (fəlsəfə doktoru) disserasiyasını müdafiə etmişdir. Dissertasiya işinə dövrün görkəmli riyaziyyatcıları Lenin mükafatı laureatı, Moskva Dövlət Universitetinin professoru Boris Moiseyeviç Levitan, Ukrayna Elmlər Akademiyasının akademiki Miroslav Lvoviç Qorbacuk qiymətli rəylər vermişdir. O 1975-78-ci illərdə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi olmuş, paralel olaraq Bakı Dövlət Universitetində “ Funksional analiz” kafedrasında fəaliyyət göstərmişdir.
1978-ci ildə o, Dağlıq Qarabağın mərkəzi Xankəndində yeni açılan Pedaqoji İnstitutda fəaliyyət göstərməyə başlamışdır.
O, institutda baş müəllim, dosent və 1983-cü ildən -1988-ci ilə qədər, Dağlıq Qarabağ ətrafında baş verən məlum hadisələrə kimi, “Riyazi analiz” kafedrasının müdiri vəzifəsində calışmışdır. 1988-ci ildə Təhsil Nazirliyinin Qərarı ilə Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini dayandırmiş və H.Aslanov nazirliyin əmri ilə Azərbaycan Texniki Universitetinin “Ali riyaziyyat” kafedrasına köçürülmüşdür. Bakı şəhərinə gəldikdən sonra o elmi fəaliyyətini genişləndirmiş və 1995-ci ildə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Hilbert fəzasında yüksək tərtibli xüsusi törəməli operator-diferensial tənliklər üçün həll olunma, tamlıq və spektrin asimptotikası” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1997-ci ildə professor elmi adını almışdır. 2006-ci ildən Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnsitutunda baş elmi işçi vəzifəsində işləməyə başlamışdır. 2013-cü ildən institutun ən böyük şöbəsinin, vaxtilə görkəmli riyaziyatcılar akademik Zahid Xəlilov, akademik Fəraməz Maksudovun rəhbərlik etdiyi “Funksional analiz” şöbəsinin, müdiridir. Paralel olaraq müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində, Qafqaz Universitetində, Bakı Qızlar Universitetində, Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1993-1994-cü illərdə İran İslam Respublikasının Təbriz Universitetinə dəvət olunmuş, mühazirələr oxumuşdur.
Həmidulla Aslanov 200-dən artıq elmi, elmi –metodiki, elmi populyar məqalələrin müəllifidir. 30-dan artıq məqaləsi xaricdə müxtəlif elmi jurnallarda dərc olunmuşdur. Onun dövrün nüfuzlu“Доклады РАН”,“Успехи математических наук”,“Математические заметки”, “Дифференсиальные уравнения”, “Azərbaycan Elmlər Akademiyasının “Xəbərləri”,Riyaziyyat və Mexanika İnstitutunun “Əsərləri”, “Kvant”, “Matematika v şkole” və başqa dərgilərdə çap olunmuşdur.
Onun ali məktəblər üşün 8 sayda fundamental dərs vəsaitləri dərc olunmuşdur.
Azərbaycan dilində lazımi dərs vəsaitlərinin olmadığı bir şəraitdə Həmidulla müəllimin “Adi diferensial tənliklər və riyazi fizika tənlikləri”,“Çoxdəyişənli funksiyalar, çoxqat, əyrixətli və səth inteqralları”,“İnteqral tənliklər və onların təqribi həll üsulları”,“Riyazi fizika tənliklərinin təqribi həlli üçün şəbəkə üsulu” , “İnteqral çevirmələr nəzəriyyəsinin elementləri”,“Funksional analiz”,”Funksiyalar nəzəriyyəsi və funksional analiz”,“İnteqral tənliklər” kimi dərs vəsaitləri ali məktəb tələbələri üçün qiymətli bir vasitədir. Onun ali pedaqoji məktəblər üçün tərtib etdiyi bir çox tədris planları, fənn proqramları vardır.
Həmidulla müəllimin elmi kadrların hazırlanmasında xüsusi xidmətləri vardır. O,1998-ci ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi dərəcələr verən Elmi Şuralarının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.
Onun rəhbərliyi ilə 7 nəfər fəsfəsə doktoru elmi dərəcəsi almaq üçün dissetasiya müdafiə etmişdir. 20-dən artıq tələbənin magistr dissertasiyalarının elmi rəhbəri olmuşdur.
O, 15 nəfər elmlər doktoru dissertasiyasının və 30-a yaxın fəlsəfə doktoru dissertasiyasının rəsmi opponenti olmuş, çox sayda dissertasiyaların rəsmi rəyçisi olmuşdur.
Professor Həmidulla Aslanov 2018-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir. Dünyanın bir çox ölkələrində nüfuzlu elmi konfranslarda iştirak etmişdir. Moskva, Sankt –Peterburq, Kiyev, Nalçik, Ujqorod, Ternapol, Mahackala, Səmərqənd, Batumi, İstanbul, Zəncan, Mersin, Varna və digər şəhərlərdə keçirilmiş beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Həmidulla müəllim ixtusasca professional riyaziyyatçı alim olmasına baxmayaraq, o Azərbaycan ədəbiyyatını ürəkdən sevən və bilən bir vətənpərvərdir. Nizami, Füzuli, Seyid Əzim, Şəhriyar və Əliağa Vahidin qəzəlləri onun dilinin əzbəridir.
Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Həmidulla müəllimi 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.