“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında ilk sayı çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında və Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları təqdim edilib.
Bugünkü buraxılışın ilk səhifələrində “Böyük Qayıdışa Azərbaycan elminin töhfəsi. Qarabağ və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatlara start verilir” rubrikalı yazılar yer alıb. Sözügedən materiallarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində elmi həyatın canlandırılması istiqamətində atılan mühüm addımlar, xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə bir qrup nümayəndə heyətinin Laçın şəhərində təşkil olunan yüksək səviyyəli dövlət tədbirlərində iştirakı, Qarabağ Universitetində keçirilən görüşlər, müzakirələr və bir sıra əhəmiyyətli təşəbbüslər geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, AMEA rəhbərinin iştirakı ilə “IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə – 100” paneli”, “Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı” və “Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu” mövzusunda elmi konfranslar haqqında informasiyalar yer alıb.
Qəzetin bu sayında, “Azərbaycanlı alim Nəsirəddin Tusi: elmin triumfatoru”, “90 il tarix elminin xidmətində” adlı məqalələr, eyni zamanda AMEA-nın elmi müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində beynəlxalq oxucu auditoriyası üçün AMEA-da ötən həftə baş verən elmi yeniliklər, konfranslar, təqdimatlar və Azərbaycanda palçıq vulkanizmi ilə seysmiklik arasında əlaqədən bəhs edən “Эволюция представлений о связи грязевого вулканизма с сейсмичностью в Азербайджане” başlıqlı aktual məqalə dərc edilib.
science.gov.az