Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çap olunub


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında sonuncu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciəti və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində “Yeniləşən Akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr” mövzusunda AMEA-nın Rəyasət Heyətinin iclası, görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş elmi konfrans və böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans geniş şəkildə işıqlandırılıb.

Bundan əlavə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus ilə görüşü və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir haqqında informasiyalar bu nömrədə yer alıb.

Qəzetin bu sayında akademik İsa Həbibbəylinin müəllifi olduğu “Akademik Zərifə Əiiyevanın elmi irsi ingilis dilində” başlıqlı məqalə, eyni zamanda “Qərbi Azərbaycana Qayıdış Zəngəzur dəhlizindən keçəcək”, “Rəqəmsal sosiologiya: Cəmiyyətin rəqəmsallaşmasından sosial elmin rəqəmsallaşmasına”- çağırışlara cavab” və “Azərbaycan elmi kontekstində milli mətbuatın 150 illik yubiley təntənəsi” adlı məqalələr, həmçinin “Milli mətbuatımızın atası Həsən bəy Zərdabi” sərlövhəli müsahibə dərc olunub.

Bugünkü sayda AMEA-nın bölmə və müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar və yeni nəşrlər də təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da həftə ərzində keçirilən tədbirlər barədə məlumatlar geniş dərc olunub.

science.gov.az

Faydalı linklər