01/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ.Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Yıldız Texniki Universitetinin iştirakı ilə “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII Beynəlxalq Elmi Konfrans 03–06 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilir. Bu nüfuzlu tədbir müasir riyaziyyat və mexanikanın aktual elmi problemlərinin müzakirəsi, qarşılıqlı fikir mübadiləsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Artıq ənənəyə çevrilmiş bu konfrans, dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, tədqiqatçıları və gənc mütəxəssisləri bir araya gətirərək riyaziyyatın və mexanikanın fundamental və tətbiqi sahələrindəki son nailiyyətləri təqdim etməyə imkan verir. Əldə olunmuş elmi nəticələrin müzakirəsi ilə yanaşı, bu platforma yeni ideya və yanaşmaların formalaşması üçün münbit şərait yaradır.
Konfrans çərçivəsində plenar iclaslarla yanaşı, seksiyalar üzrə məruzələr də keçiriləcək. Həmçinin, gənc alimlər və doktorantlar üçün xüsusi sessiyalar nəzərdə tutulmuşdur ki, bu da onların elmi fəaliyyətlərinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq elmi ictimaiyyət üçün açıq olan bu tədbir, elm və təhsil sahəsində regional və qlobal inteqrasiyanın gücləndirilməsinə töhfə verəcək. Elmi ünsiyyət, biliklərin paylaşılması və tədqiqat istiqamətlərinin koordinasiyası baxımından konfransın mühüm bir platforma olacağı gözlənilir.
Üç gün davam edəcək konfransda Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri, həmçinin dünyanın müxtəlif qabaqcıl ölkələrinin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Ukrayna, Rusiya, Əlcəzair, Belarus,Hindistan,Norveç,Pakistan, Gürcüstan və digər ölkələrin alim və tədqiqatçıları iştirak edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.