Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Konfrans iştirakçıları Azərbaycanın tarixi və mədəniyyət abidələrini ziyarət ediblər


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfrans çərçivəsində iştirak edən yerli və xarici alimlər üçün paytaxtın tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub.

Konfrans iştirakçıları Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini yaxından tanımaq məqsədilə Atəşgah məbəd kompleksi, Yanar dağ və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ekskursiya zamanı alimlərə məkanların tarixi, əhəmiyyəti və Azərbaycan xalqının mədəni-tarixi irsi haqqında ətraflı məlumat verilib. İlk olaraq Suraxanı rayonu ərazisində yerləşən Atəşgah məbədi ziyarət olunub. Burada qonaqlara Zərdüştlük dövrünə aid ibadət yeri olan bu unikal abidənin tarixi və dini əhəmiyyəti barədə məlumat verilib.

Daha sonra ekskursiya Abşeron yarımadasının şimal-şərqində yerləşən və daim yanan təbii qaz mənbəyi olan Yanar dağa təşkil olunub. Qonaqlar bu nadir təbiət hadisəsini böyük maraqla izləyərək, Azərbaycanın “Odlar Yurdu” adını almasının səbəblərindən birinə yerində şahidlik ediblər.

Alimlər Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Burada “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub, xatirə şəkilləri çəkilib.

Konfrans iştirakçıları ekskursiyadan məmnun qaldıqlarını bildirib, Azərbaycanın həm zəngin elmi potensiala, həm də qədim və unikal mədəni irsə sahib olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər