17/09/2025
17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək 27 Sentyabrın Azərbaycan xalqının yaddaşındakı mənasına toxunub. Alim bildirib ki,Anım Günü bizim milli hüzn və eyni zamanda qürur günümüzdür. Biz bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını alqışlayırıq. Hər bir Azərbaycan vətəndaşı üçün bu tarix milli yaddaşın dönüm nöqtəsidir. Gənc nəsil bilməlidir ki, bu torpaqlar can bahasına azad olunub.
Professor Misir Mərdanov çıxışında həmçinin təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.Qeyd olunub ki, vətən sevgisi təkcə kitablardan deyil, yaşanmış ağrılardan, qazilərin baxışlarından və şəhidlərin əziz xatirəsindən qaynaqlanır. Bildirilib ki, bu ruh yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Həsənov Sənan Kamil oğlu 27 Sentyabrın onun həyatında unudulmaz izlər buraxdığını və bu günün həm ağrı, həm də qürur dolu xatirələrlə yadda qaldığını bildirib.” O bildirib ki, bu tarix sadəcə bir gün deyil, şəhidlərin canı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir. “Hər bir şəhidimizin xatirəsi bizim üçün müqəddəsdir. Mən bir döyüşçü olaraq bu millətin övladı olduğum üçün fəxr edirəm.”- deyə leytenant Sənan Həsənov vurğulayıb.
Sənan Həsənov çıxışının sonunda Vətən müharibəsində qazanılmış zəfərin yalnız hərbi deyil, həm də milli birlik və iradənin nəticəsi olduğunu bildirdi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.