Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Georq Riman — Riyaziyyatın Dahisi və Riman Hipotezinin Müəllifi


Bu gün dünya şöhrətli alman riyaziyyatçısı, mexanik və fiziki, Berlin və Paris Elmlər Akademiyalarının, London Kral Cəmiyyətinin üzvü Georq Rimanın doğum günüdür.

Riman 17 sentyabr 1826-cı ildə Almaniyada yoxsul ruhani ailəsində dünyaya gəlmişdir. O, yalnız 14 yaşında məktəbə gedə bilmiş, anası Şarlotta Ebbel Riman hələ məktəbdə oxuyarkən vərəm xəstəliyindən vəfat etmişdi. Onun riyazi qabiliyyəti gənc yaşlarından özünü biruzə vermişdi. Lakin atasının istəyinə uyğun olaraq 1846-cı ildə filologiya, fəlsəfə və dini elmləri öyrənmək məqsədi ilə Gettingen Universitetinə qəbul edilir. Eyni zamanda böyük riyaziyyatçı Qausun mühazirələrinə olan marağı bu gəncin riyaziyyatçı olması haqqında qəti qərar qəbul etməsinə səbəb oldu.

1847-ci ildə Riman Dirixle, Yakobi və Şteynerin dərs dediyi Berlin Universitetinə köçürülür, 1849-cu ildə yenidən Gettingenə qayıdaraq gələcəkdə onun müəllimi və yaxın dostu olacaq Vilhellim Veberlə tanış olur. Bir il sonra Rixard Dedekindlə dostluq münasibətləri yaranır.

1851-ci ildə Qaussun rəhbərliyi ilə “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsasları” mövzunda dissertasiya müdafiə edir. Qauss tələbəsinin istedadını yüksək qiymətləndirir. Sonralar “Riman səthləri” kimi dünyada yaxşı tanınan anlayış ilk dəfə bu dissertasiyada verilmişdir.

1854-1866-cı illərdə Riman Gettingen Universitetində işləmişdir. Ekstroordinar professor vəzifəsinə keçmək üçün o, universitetin professorları qarşısında çıxış etməli idi.

1853-cü ilin payızında Gaussun iştirakı ilə Riman “Həndəsənin əsasını təşkil edən hipotezlər haqqında” tarixi mühazirə oxudu. Lakin həmin çıxış Rimanın professor olmasına kömək etmədi. Buna baxmayaraq, mühazirənin mətni 15 il sonra 1868-ci ildə nəşr olundu və həndəsənin tarixində əlamətdar hadisəyə çevrildi. Onu Gettingen Universitetinə privat dosent vəzifəsinə qəbul etdilər.

1857-ci ildə Riman Abel funksiyaları nəzəriyyəsi və diferensial tənliklərin analitik nəzəriyyəsi haqqında klassik əsərlərini çap etdirdi və Gettingen Universitetinə ekstroordinar professor vəzifəsinə təyin olundu.

1859-cu ildə Dirixlenin vəfatından sonra Riman Gettingen Universitetində riyazi fizikadan mühazirələr oxumağa başlayır.

Sonralar o, Dedekindlə birlikdə Berlin Universitetinə səyahət edərək Veyerştras, Kummer və Kronekerlə tanış olur. Orada “Verilmiş kəmiyyəti aşmayan sadə ədədlərin sayı haqqında” məşhur mühazirələrini oxuduqdan sonra Veyerştrassın təqdimatı ilə Berlin Akademiyasına üzv seçilir. 1860-cı ildə Riman Paris Elmlər Akademiyasının və London Kral Cəmiyyətinin üzvü seçilir.

1862-ci ildə bacısının rəfiqəsi Elza Koxla evlənir və onların qız övladı dünyaya gəlir. Bundan sonra Riman ciddi xəstələnir. Xəstəliyini müalicə etmək məqsədi ilə 1862-ci ildə İtaliyaya istirahətə gedir, 1866-cı ildə 40 yaşına çatmamış İtaliyada vərəm xəstəliyindən vəfat edir.

Maraqlıdır ki, 39 illik ömrünün cəmi 10 ilini elmə həsr edən Riman riyaziyyat elminə aşağıdakı tarixi yenilikləri gətirmişdir: Riman həndəsəsi, Riman hipotezi, Riman inteqralı, Riman sferası, Riman törəməsi, Riman invariantları və s.

Onu da qeyd etmək lazımdır ki, onun irəli sürdüyü “Riman hipotezi” bu günə qədər öz həllini gözləyir.

www.britannica.com

Faydalı linklər