17/10/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev Misirə işgüzar səfər edib” başlıqlı icmal təqdim edilib.
Bugünkü buraxılışın ilk səhifələrində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirinə, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransa və “Konstitusiya və Suverenlik İli”, Zəfərin 5-ci ildönümü və Akademiyanın 80 illiyinə həsr olunmuş mini futbol turnirinə dair yazılar geniş işıqlandırılıb.
Bundan əlavə, “Süni intellektin tətbiqi ilə yubiley təqdimatı hazırlanır” sərlövhəsi ilə Akademiyanın 80 illik yubileyi çərçivəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi, “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans, Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş elmi seminar, Akademik Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş sərgi, eləcə də AMEA-nın Beynəlxalq Elmi şuranın məsləhətləşmə görüşündə təmsil olunması haqqında informasiyalar və digər xəbərlər bu nömrədə yer alıb.
Qəzetin bu sayında, “Passionarlıq paradiqması” və “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması: liberallığı və rəqabətqabiliyyətliyi” adlı məqalələr, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə, o cümlədən elmi nailiyyətləri əks etdirən yeni nəşrlərə dair yazılar təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar dərc edilib.