29/10/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Tofiq oğlu Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov qonaqları salamlayaraq bu qəbil mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Elmi sessiyanın AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının qərarına əsasən baş tutduğunu bildirən M.Mərdanov alimin həyat və elmi yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, İlham Məmmədov 1955-ci il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. O, 1970-ci ildə 15 yaşında 27 nömrəli məktəbi qızıl medalla bitirmiş, elə həmin il Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdur. 1974–1975-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Hesablama riyaziyyatı və kibernetika” fakültəsində təcrübə keçmiş, 1975-ci ildə isə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə, cəmi 26 yaşında, Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Elliptik və parabolik tənliklərin keyfiyyət nəzəriyyəsi məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 1975–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında assistent və baş elmi işçi kimi fəaliyyət göstərmişdir.
Professor İlham Məmmədov 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2001–2003-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. O, 80-dən çox elmi məqalənin və bir monoqrafiyanın müəllifi olmuş, 16 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlamışdır. 1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin Komsomolu Mükafatına layiq görülmüşdür.
Alim 1992–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin və Azərbaycan Riyaziyyat Cəmiyyətinin üzvü, 1999–2002-ci illərdə isə NATO Elmi Komitəsinin eksperti olmuşdur.
Məruzədə qeyd olunub ki, İlham Məmmədovun tədqiqatları əsasən xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinə həsr edilmişdir. O, kəsilən əmsallı qeyri-divergent strukturlu ikinci tərtib elliptik və parabolik xətti və kvazixətti tənliklərin həllərinin sərhəd xassələrinin nəzəriyyəsini, bu tənliklərin daxili hamarlığı və sərhəddə qeyri-hamar oblastlarda requlyarlıq məsələlərini dərin elmi səviyyədə araşdırmışdır.
Professor İlham Məmmədov ikinci tərtib parabolik tənliklərin keyfiyyət nəzəriyyəsinin mühüm problemlərindən birini həll etmiş, əmsalların hamarlığına və baş hissənin məxsusi ədədlərinin səpilməsinə məhdudiyyət qoymadan, belə tənliklərin ixtiyari həllərinin Hölder mənada kəsilməzliyini sübut etmişdir.
Məruzədə həmçinin vurğulanıb ki, İlham Məmmədovun elmi nəticələri riyazi fizika tənlikləri sahəsində yeni istiqamətlərin yaranmasına təkan vermiş, onun tədqiqatları bu gün də aktual elmi əhəmiyyətini saxlamaqdadır.
Professor Misir Mərdanov çıxışının sonunda qeyd edib ki, İlham Məmmədov Azərbaycan riyaziyyat elminin inkişafında silinməz iz qoymuş, səmimiyyəti, elmi prinsipiallığı və insanlığı ilə həmkarlarının və yetirmələrinin dərin hörmətini qazanmışdır.
Daha sonra “Riyazi-fizika tənlikləri” şöbəsinin müdiri, f.r.e.d., Əbdürrəhim Quliyev “Professor İlham Məmmədovun elmi fəaliyyəti və irsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə alimin riyazi fizika tənliklərinin nəzəriyyəsinə, sərhəd məsələlərinin həllinə və tətbiqi riyaziyyatın inkişafına verdiyi töhfələr geniş şəkildə təqdim olunub.
Elmi sessiyada akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvü, “Maye və qaz mexanikası” şöbəsinin müdiri Qeylani Pənahov, “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, professor Fərman Məmmədov və digər çıxışçılar professor İlham Məmmədovun elmi fəaliyyətindən, pedaqoji və insani keyfiyyətlərindən danışıblar, onun elmi irsini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda professor İlham Məmmədovun həyat yoldaşı Qəmər Məmmədova göstərilən diqqət və ehtirama görə institutun rəhbərliyinə, əməkdaşlarına və çıxış edənlərə dərin minnətdarlığını bildirib.O, alimin xatirəsinin belə yüksək qiymətləndirilməsini ailəsi üçün böyük mənəvi təsəlli olduğunu vurğulayıb.
Sonra professor İlham Məmmədovun ailə üzvlərilə xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.