30/10/2025
30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda “Optimal İdarəetmə” şöbəsinin növbəti elmi seminarı keçirilib.
Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev “Birinci tərtib stoxastik hiperbolik tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə zamanı təsadüfi küyün təsiri altında bir sıra kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi zamanı yaranan birinci tərtib stoxastik hiperbolik tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılıb. Məruzəçi Pontryagin maksimum prinsipi mənasında məxsusi idarələrin optimal olmasının araşdırılması, eləcə də bu idarələrin optimallığı üçün zəruri şərtlərin izahı barədə geniş məlumat verib.
Seminar iştirakçıları mövzu ətrafında fəal müzakirələr aparıb və məruzə ilə bağlı suallarını məruzəçiyə ünvanlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.