04/11/2025
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda ölkənin və dünyanın aparıcı elmi qurumlarının tanınmış alimləri müxtəlif döş nişanları ilə təltif olunublar.
Tədbir çərçivəsində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov elmdəki xidmətlərinə görə “Lev Landau” döş nişanı ilə mükafatlandırılıb. Qeyd edək ki,bu döş nişanı fizika və riyaziyyat elmlərinin inkişafına xüsusi töhfə verən alimlərə təqdim olunur və görkəmli rus alimi, Nobel mükafatı laureatı Lev Landau-nun adını daşıyır.
Eyni zamanda bu mükafata AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri akademik Təyyar Cəfərov, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Jumadildayev və Kore Akademiyasının Şurasının üzvü professor Li Lei də layiq görülüblər.
Mükafatları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. O, çıxışında Lev Landau döş nişanının elmin fundamental istiqamətlərində çalışan alimlər üçün yüksək qiymət və etimad rəmzi olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.