Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan xalqının qürur simvolu – 8 Noyabr Zəfər Günü Riyaziyyat və Mexanika İnstitutunda qeyd olunub


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü Misir Mərdanov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edərək, bu möhtəşəm qələbəni Azərbaycan xalqının tarixində parlayan qızıl səhifə adlandırıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər təkcə hərbi uğur deyil, həm də milli birliyin, dövlətçilik düşüncəsinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Misir Mərdanov qeyd edib ki, əbədi torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlər yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının əbədi qəhrəmanlarıdır və onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir.

Alimin sözlərinə görə, müzəffər qələbənin əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, qətiyyətli liderliyi və xalq-ordu birliyinin möhkəm təməli təşkil edir. “Bu qələbə Azərbaycan dövlətinin siyasi, iqtisadi və mənəvi gücünün, xalqımızın milli ruhunun və ordumuzun yenilməzliyinin bariz göstəricisidir,” – deyə Misir Mərdanov vurğulayıb.

Tədbirdə çıxış edən alimlər Zəfər Günü münasibətilə səmimi hisslərini bölüşərək bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan xalqının birliyinin, igidliyinin və Vətənə sonsuz məhəbbətinin parlaq təcəssümüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər