Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi,  dosent Eldar Abbasov “Tərəqqi” medalı ilə təltif edilib


Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, elmin inkişafında xidmətlərinə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikasi“ şöbəsinin  baş elmi işçisi, dosent Abbasov Eldar Mehdi oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Abbasov Eldar Mehdi oğlu 14 aprel 1960-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunub. 1984–1987-ci illərdə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda aspirant, 1987–1988-ci illərdə kiçik elmi işçi kimi fəaliyyət göstərib. 1988-ci ildən bu günədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışır.

2002-ci ildən institutun “Maye, qaz və plastiklik nəzəriyyəsi” şöbəsinin, “Maye və qaz hərəkətində fiziki mexanika prosesləri” laboratoriyasında, 2011-ci ildən isə “Maye və qaz mexanikası” şöbəsində fəaliyyət göstərir.

Eldar Abbasovun elmi işləri Rusiya Federasiyasında, ABŞ-da, Çin Xalq Respublikasında və Azərbaycanda neft və qaz sənayesində uğurla tətbiq olunub və bu gün də geniş istifadə edilir. O, 6 elmi qrant layihəsində və bir çox təsərrüfat hesablı tədqiqatlarda aparıcı tədqiqatçı kimi iştirak edib.

Alim Bakı, Moskva, Krakov, Pekin, Ufa və digər şəhərlərdə keçirilən beynəlxalq elmi konfrans və seminarlarda, həmçinin institutun elmi seminarlarında mütəmadi çıxışlar edib.

Eldar Abbasov 106 elmi məqalənin müəllifidir, onlardan 34-ü Azərbaycan və xarici ölkələrdə patentləşdirilmiş ixtiralardır. Əksər məqalələri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi nəşrlərində dərc olunub.

2008-ci ildən bu günədək Bakı Dövlət Universitetinin İxtisaslaşdırılmış Şurası nəzdində fəaliyyət göstərən elmi seminarın üzvüdür.

Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Eldar Mehdi oğlu Abbasovu Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək elmi fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı, uzun ömür və uğurlar arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər