10/12/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbir gənclər arasında ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi, erkən evlilik və qohumlar arasında nikahın səbəbləri və onların mənfi fəsadlarının izahı məqsədi daşıyıb.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək gənclərin etibarlı, elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, ailə dəyərlərinin cəmiyyətin sosial sabitliyi və davamlı inkişafında əsas amillərdən biri olduğunu qeyd edərək, erkən evlilik və qohumlar arasında bağlanan ailə birliyinin kimi sosial problemlərin yalnız kompleks maarifçilik tədbirləri, düzgün informasiya mühiti və elmi yanaşma vasitəsilə azaldıla biləcəyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə məsələləri” şöbəsinin müdir müavini Kamilla Əliyeva və baş məsləhətçi Tural Hüseynzadə çıxış edərək mövzu üzrə geniş məlumat veriblər. Natiqlər ailə institutunun cəmiyyətdə rolu, sağlam ailə münasibətlərinin formalaşması, eləcə də erkən və qohumlar arasında evliliyin sosial və tibbi fəsadları barədə iştirakçıları məlumatlandırıblar.
İnstitutun əməkdaşlarının və gənc tədqiqatçıların iştirak etdiyi tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.