12/12/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov çıxışında bildirib ki, dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün Azərbaycan xalqı onun əziz xatirəsini dərin ehtiramla yad edir, dövlətçilik tariximizdə qoyduğu misilsiz izləri böyük qürurla xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, ordu quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyət idi. Onun uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına olan sarsılmaz sevgisi bu gün də dövlətçiliyimizin əsas ideoloji dayaqlarından biridir.
Professor Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi xüsusi diqqətdən danışıb. Qeyd olunub ki, Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan elmi inkişaf üçün yeni mərhələyə qədəm qoyub, institutlarda elmi mühitin gücləndirilməsi üçün geniş imkanlar yaradılıb.
Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin elmin strateji əhəmiyyətini dərk edən nadir dövlət xadimlərindən olduğunu vurğulayıb. O bildirib ki, Ulu öndər hələ sovet dönəmindən başlayaraq Azərbaycan alimlərinin fəaliyyətinə xüsusi diqqət göstərir, gənclərin elmə cəlb olunmasını daim dəstəkləyirdi. Akademik, həmçinin Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda, elmin beynəlxalq aləmdə nüfuzunun artırılmasında oynadığı rol barədə fikirlərini bölüşüb. O, Ulu Öndərin elm adamlarına göstərdiyi qayğının bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildiyini vurğulayıb.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin irsinin Azərbaycan elminin inkişafı üçün mühüm yol xəritəsi olduğunu qeyd edərək, bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.