Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib


24 dekabr tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İlkin olaraq, elmi iş müəlliflərinin mükafatlandırılması üzrə tətbiq edilən mövcud yanaşma dəyərləndirilib. Şura üzvlərinin bu mövzu ilə bağlı Katibliyə təqdim edəcəkləri təkliflər əsasında mövcud mexanizmin təkmilləşdirilməsi qərara alınıb.

Həmçinin, əvvəlki iclasda qəbul edilmiş qərara uyğun olaraq, elmi etika və akademik dürüstlüyün təmin edilməsi məqsədilə ETƏŞ adından hazırlanacaq vahid bəyannamə müzakirə edilib. Şura üzvlərinin rəy və təklifləri dinlənildikdən sonra, növbəti ildən etibarən elmi etika üzrə bəyannamənin təkmil formada ictimaiyyətə təqdim olunması qərarlaşdırılıb.

Sonda iclasda 41 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş dissertasiya mövzularının Şuranın Katibliyi tərəfindən elektronlaşdırılmış və sistemləşdirilmiş yanaşma nəticəsində ekspertlər tərəfindən əvvəlcədən dəyərləndirildiyi, ümumilikdə 400-dən çox mövzunun bu mərhələdə nəzərdən keçirildiyi bildirilib. Bu yanaşma əsasında formalaşmış rəy və təkliflər Şura üzvləri tərəfindən iclas zamanı müzakirə edilib. İclas dissertasiya mövzularının açıq səsvermə yolu ilə təsdiqlənməsi ilə yekunlaşıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Faydalı linklər