26/01/2026
Süni intellekt (AI) mövzusu başa çatmış Davos Dünya İqtisadi Forumunda, demək olar ki, hər bir müzakirəyə daxil olub və yeni iş yerləri, texnologiyalar, ticarət tarifləri, beynəlxalq rəqabət və geosiyasi gərginliklər kimi ənənəvi əsas mövzularla yanaşı eyni səviyyədə müzakirə olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, dünyanın “Nvidia”, “Microsoft”, “Anthropic” və “Google DeepMind” kimi nəhəng şirkətlərinin liderləri, eləcə də filosof Yuval Harari Davosda süni intellekt (AI) ilə bağlı öz baxışlarını və narahatlıqlarını bölüşüblər.
Ötən il Davosda Çinin “DeepSeek” şirkəti, “OpenAI”nin rəqibi olan “ChatGPT” ilə eyni səviyyədə işlədiyini və daha ucuz olduğunu iddia etdiyi AI modeli və çatbotunu təqdim edəndə böyük səs-küy yaratmışdı. Bu il isə AI ilə bağlı müzakirələr genişlənərək texnologiyanın necə tətbiq edildiyini, daşıdığı riskləri və işə, cəmiyyətə təsirini də əhatə edib.
Texnologiya liderlərinin Davosda söylədikləri bunlardır:
“Yoxsulluq aradan qalxacaq və hər kəs yüksək həyat səviyyəsinə sahib olacaq”
Tesla şirkətinin təsisçisi Elon Mask qeyd edib ki, gələcəkdə hər kəsin bir robotu olacaq və hamı üçün bolluq yaranacaq, yoxsulluq aradan qalxacaq və hər kəs yüksək həyat səviyyəsinə sahib olacaq. Milyarder bildirib:
“Düşünürəm ki, bu ilin sonuna qədər, ən gec gələn ilə qədər istənilən insandan daha ağıllı AI-yə sahib ola bilərik”. Onun sözlərinə görə, humanoid robot texnologiyası çox sürətlə inkişaf edəcək. E.Mask vurğulayıb ki, əsas problemlərdən biri AI-ni işlətmək üçün tələb olunan elektrik enerjisidir və “çox yaxın zamanda istehsal etdiyimiz çipləri işə sala biləcəyimizdən daha çox istehsal edəcəyimiz aydındır”. Lakin o əlavə edib ki, bu, Çində baş verməyəcək, çünki Çin hər il 100 GVt-dan çox günəş enerjisi qurur və bunu “ən böyük enerji mənbəyi” adlandırıb.
Nvidia”nın qurucusu və baş icraçı direktoru Jensen Huang Davos forumunda bildirib ki, AI Avropa üçün “həyəcanvericidir”, çünki qitənin AI infrastrukturunu qurmaq üçün “son dərəcə güclü istehsal bazası” var.
Huang qeyd edib ki, indi Avropa üçün proqram təminatı dövrünü “ötüb keçmək” və erkən mərhələdə hərəkətə keçmək vaxtıdır ki, istehsal gücünü AI infrastrukturu ilə birləşdirə bilsin. “Robototexnika Avropa ölkələri üçün həyatda bir dəfə yaranan fürsətdir”, – deyə o əlavə edib.
Bununla belə, o bildirib ki, AI daha çox enerji, torpaq və ixtisaslı texniki işçi qüvvəsi tələb edir, Avropada güclü işçi potensialı mövcuddur.
Jensen Huang AI-nin əmək bazarına təsiri ilə bağlı nikbin fikir səsləndirib. O deyib ki, AI iş yerlərini məhv etmək əvəzinə daha çox fiziki və texniki iş yerləri yaradacaq. “Bu, çox gözəldir ki, işlər peşə və sənətkarlıqla bağlıdır, santexniklər, elektriklər olacaq… bu sahələrdə ciddi artım görürük və maaşlar demək olar ki, iki dəfə yüksəlib”, – deyə o bildirib. O əlavə edib ki, “hər kəs layiqli gəlir əldə edə bilməlidir; bunun üçün kompüter elmləri üzrə PhD diplomuna ehtiyac yoxdur
“Faydalı bir şey edin”
“Microsoft”un baş icraçı direktoru Satya Nadella AI-dən istifadənin faydalı olmasının vacibliyini vurğulayıb. “Biz qlobal icma olaraq elə bir nöqtəyə çatmalıyıq ki, AI-dən insanların, icmaların, ölkələrin və sənayelərin nəticələrini dəyişən faydalı işlər görmək üçün istifadə edək”, – deyə S.Nadella bildirib.
O xəbərdarlıq edib ki, AI-nin tətbiqi dünyada qeyri-bərabər yayılacaq və əsasən kapitala və infrastruktura çıxışla məhdudlaşacaq.
AI-nin potensialını reallaşdırmaq üçün əsas şərtlər, xüsusən investisiya cəlb etmək və uyğun infrastruktur qurmaqdır. O, bildirib ki, böyük texnologiya şirkətləri, o cümlədən qlobal cənubda investisiya qoyur, lakin uğur həm dövlət, həm də özəl kapitalı cəlb edən siyasətlərdən asılıdır.
Elektrik şəbəkələri kimi kritik infrastrukturun əsasən hökumətlər tərəfindən qurulduğunu deyən S.Nadella, özəl şirkətlərin yalnız enerji və telekommunikasiya kimi əsas sistemlər mövcud olduqda effektiv fəaliyyət göstərə bildiyini vurğulayıb.
“Əslində insan deyillər”
Kanadalı kompüter alimi və “AI-nin xaç atalarından” biri sayılan Yoshua Bengio bildirib ki, bugünkü sistemlər insanlara həddindən artıq bənzədilərək öyrədilir.
“Bir çox insan onlarla qarşılıqlı əlaqəyə girərkən yanlış olaraq AI-lərin bizim kimi olduğunu düşünür. Onları nə qədər ağıllı etsək, bu hiss bir o qədər güclənəcək. Bəzi insanlar onları bizə bənzətməyə çalışır… Amma bunun yaxşı olub-olmayacağı aydın deyil”, – deyə o bildirib.
“Bəşəriyyət insanlar arasında qarşılıqlı münasibətlər üçün normalar və psixologiya formalaşdırıb. Amma AI-lər əslində insan deyillər”, – deyə o əlavə edib.
“AI heç vaxt insan kimi olmayacaq, necə ki, təyyarələr quş deyil”
Populyar elmi yazıçı və filosof Yuval Harari AI superintellekti, yəni insanın idrak qabiliyyətlərini aşan AI-ni təhlükə kimi dəyərləndirib. O bildirib ki, insan–AI hibrid cəmiyyətini qurmaq təcrübəmiz yoxdur və hər şey səhv gedərsə, təvazökarlıq və “düzəliş mexanizmi”nin vacibliyini vurğulayıb. Y.Harari insan zəkasının AI ilə müqayisəsini “gülünc analogiya” adlandırıb və deyib ki, AI heç vaxt insan kimi olmayacaq, necə ki, təyyarələr quş deyil.
“Planetin ən ağıllı varlıqları da eyni zamanda ən çox yanılanlar ola bilər” – deyə o bildirib.
“Sİ – inanılmaz imkanların astanasındayıq”
“Anthropic” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Dario Amodei AI-nin inkişafını həyəcanverici adlandıraraq “inanılmaz imkanların qapımızı döydüyünü”, lakin qarşıdakı bir neçə il texnologiyanın necə tənzimlənməsi baxımından həlledici olacağını bildirib.
Müzakirə süni ümumi intellektdən (AGI) sonrakı mərhələyə, AI-nin insan idrak qabiliyyətlərinə çatdığı və ya onu keçdiyi dövrə yönəlib.
D.Amodei bildirib ki, “Çinə çip satmamaq, AI-nin nəzarətdən çıxması riskini idarə etmək üçün vaxt qazanmağın ən böyük yollarından biridir”. O, həmçinin qeyd edib ki, bunun ABŞ-nin AI liderliyi üçün “ciddi” nəticələri ola biləcəyini deyib, çünki “Nvidia”nın “H200” AI çipləri Çinə satılır.
Onun sözlərinə görə, əgər “geosiyasi rəqiblər eyni sürətlə inkişaf etməyi yavaşladarsa”, əsas AI rəqabəti ABŞ-la Çin arasında yox, texnologiya şirkətləri arasında olacaq.
İşlərin gələcəyinə gəlincə, D.Amodei AI-nin ağyaxalıqlı işlərin yarısını sıradan çıxara biləcəyini deyib.
Bununla belə, o, hazırda əmək bazarına süni intellektdən böyük təsir olmasa da, kodlaşdırma sənayesində bəzi dəyişikliklərin baş verdiyini bildirib.
“Bakalavr tələbələrinə tövsiyə…daha mənalı iş yerləri yaradılacaq”
“Google DeepMind”in baş icraçı direktoru Demis Hassabis daha nikbin mövqe sərgiləyib. O, D.Amodei ilə eyni paneldə çıxış edərək yeni və daha mənalı iş yerlərinin yaradılacağını gözlədiyini bildirib. D.Hassabis deyib ki, təcrübə proqramlarına qəbulda azalma ola bilər, lakin bu, “hamı üçün mövcud olan heyrətamiz alətlərlə kompensasiya ediləcək”.
D.Hassabis bakalavr tələbələrinə tövsiyə edib ki, təcrübə proqramları əvəzinə vaxtlarını bu alətləri öyrənməyə sərf etsinlər. O, bunun “növbəti beş il ərzində özünüzü inkişaf etdirdiyiniz üçün ənənəvi təcrübələrdən daha yaxşı ola biləcəyini” söylədi.
Lakin o xəbərdarlıq edib ki, ümumi süni intellektdən (AGI) sonra əmək bazarı qeyri-müəyyənlik kəsb edəcək. D.Hassabis bildirib ki, bu, 5–10 il ərzində baş verə bilər və insanların hamısı üçün kifayət qədər iş olmaya bilər. Bu isə yalnız maaş deyil, həyatın mənası və məqsədi ilə bağlı daha böyük suallar yaradır.
O, həmçinin qeyd edib ki, geosiyasi rəqabət və AI şirkətləri arasındakı yarış təhlükəsizlik standartlarının tələsik şəkildə formalaşdırılmasına səbəb olur. O, cəmiyyət üçün düzgün həll tapmaq məqsədilə daha yavaş tempdə, minimal beynəlxalq təhlükəsizlik standartlarının hazırlanmasına çağırıb.