29/01/2026
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Pinterest şirkəti süni intellekt strategiyasına daha çox resurs ayırmaq məqsədilə işçi ixtisarına gedir. CNBC-nin yaydığı məlumata görə, platforma təxminən 675 əməkdaşla yollarını ayırmağı planlaşdırır. Bu, Pinterest-in ümumi işçi heyətinin təxminən 15 faizi deməkdir.
Şirkətin bu ayın əvvəlində təqdim etdiyi rəsmi sənəddə qeyd olunur ki, ixtisarların əsas səbəblərindən biri resursların AI yönümlü komandalar və məhsullara yönəldilməsidir. Pinterest gələcəkdə əsas prioritetini AI əsaslı məhsulların və imkanların inkişafına verəcəyini açıq şəkildə bildirib. Sənəddə həmçinin satış və marketinq strategiyalarının yenidən qurulduğu vurğulanır. Bu isə ixtisarların əsasən satış və marketinq şöbələrinə təsir göstərə biləcəyinə işarə edir. Şirkət ixtisar prosesini 2026-cı ilin 30 sentyabrına qədər tamamlamağı planlaşdırır.
Maraqlıdır ki, Pinterest ötən ilin oktyabrında AI tənqidçiləri tərəfindən müsbət qarşılanmışdı. Platforma istifadəçilərə lentlərində AI ilə yaradılmış kontenti filtrləmək imkanı verən ilk böyük sosial media şəbəkələrindən biri olmuşdu. Çünki vizual məzmun üzərində qurulan Pinterest-də süni intellektlə yaradılan keyfiyyətsiz kontent sürətlə artmağa başlamışdı və bu, istifadəçilərin ciddi narazılığına səbəb olmuşdu.
Buna baxmayaraq, Pinterest AI texnologiyalarına sərmayəni artırmaqda davam edir. Şirkət ötən ilin sonlarında “Pinterest Assistant” adlı, alış-verişə yönəlmiş süni intellekt alətini istifadəyə verib.