10/03/2026
Yazın gəlişini müjdələyən sərin meh əsir, torpaq baharın nəfəsini duyur. Bu gün Novruzun sayca üçüncü olan Yel çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Külək oyadan çərşənbə”, “Heydər çərşənbəsi” və “Küləkli çərşənbə” də deyilir.
Qədim inanclara görə, Yel çərşənbəsində oyanan külək bütün dünyanı dolaşaraq təbiətə can verir. O, oyanmış suyu və odu hərəkətə gətirir, torpağa yeni nəfəs bəxş edir. Elə buna görə də xalq arasında bu gün “Yelli-küləkli çərşənbə” kimi də adlandırılır. İnsanlar inanırlar ki, əsən küləklər baharın ilıq nəfəsini, yenilənmə və dirçəliş müjdəsini gətirir. Xalq arasında belə bir inanc da var ki, Yel çərşənbəsində əsən külək insanların diləklərini göylərə aparır. Buna görə də bu gün niyyət etmək və arzular diləmək ənənəsi geniş yayılmışdır.
Təmiz sudan keçib pak olanlar, arzusunu suya danışanlar, Tanrıdan əkininə bol su diləyənlər, sonra isə tonqaldan atlanaraq “ağırrığını-uğurruğunu” oda atanlar, səpdiklərinə can verən istini, Günəş işığının bolluğunu arzulayanlar Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar.
Yel çərşənbəsi həm də hazırlıq və yenilənmə günüdür. Bu gün ev-eşik, həyət-baca təmizlənir, insanlar son çərşənbəyə və Novruz bayramına hazırlaşırlar. Evlərdə südlü plov və ya bulğur aşı bişirilir, süfrəyə quru meyvələr, qoz-fındıq və müxtəlif çərəzlər düzülür. Bir qarış boy atan səməninin ortasına qırmızı lent bağlanır. Süfrədə şirniyyatların bol olması isə ilin şirin və bərəkətli keçəcəyinə işarə sayılır.
Qədim adətlərdən birinə görə, bu gün qəfəsdə saxlanılan quşları və bəzi heyvanları azadlığa buraxmaq xeyirxahlıq və mərhəmət rəmzi hesab edilir. Xalq arasında Yel çərşənbəsi ilə bağlı bu günümüzə qədər yaşayan və özünü doğrultmuş müxtəlif hikmətli ifadələr və atalar sözləri var. Məsələn: “Yel apardığını qaytarmaz”, “Yel əsib qoz tökülüb, “Külək kimi hərdən bir yana əsmə”, “Yel qayadan nə aparar”, “Yelnən gələn selnən gedər”, “Yellə dost olan yellənə-yellənə qalar” və s.
Şifahi xalq yaradıcılığında isə Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adıçəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.
Bir inancda isə deyilir ki, Yel çərşənbəsi günü söyüd ağacının altına gedib niyyət tutaraq Yel babanı çağırmaq lazımdır. Əgər külək əsib söyüdün budaqlarını yerə toxundursa, diləyin yerinə yetər.
Yel çərşənbəsi günü axşamüstü hər məhəllədə, həyətlərdə tonqallar qalanır, böyülü-kiçikli hamı növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, insanların bədbəxtlikdən, azar-bezardan uzaq olması, yeni ilə saf niyyətlə qədəm qoyması arzusunu ifadə edir.
Qoy Yel çərşənbəsinin gətirdiyi təzə nəfəs hər bir evə sevinc, bərəkət və xoşbəxtlik gətirsin, əsən küləklər bütün arzularımızı həyata keçirsin və baharın gözəlliyi xalqımıza uğur və firavanlıq bəxş etsin!