18/03/2026
18 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər laboratoriyasının müdiri f-r.e.d., professor Fərman Məmmədov “2-ci tərtib kvazixətti elliptik tənliklər üçün Dirixle məsələsinin güclü həll oluna bilməsi haqqında” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzədə əvvəlcə dünya ədəbiyyatında əldə olunmuş əsas nəticələrin izahlı xronologiyası təqdim edildi. Daha sonra bu nəticələr fonunda müəlliflərin öz tədqiqat nəticələrinə toxunularaq, onların digər nəticələr arasında müqayisəli təhlili verildi.
Kvazixətti elliptik və parabolik tənliklər üçün 2-ci tərtib tənliklərə aid birinci sərhəd məsələsinin həllinin varlığı və yeganəliyi ilə bağlı geniş ədəbiyyat mövcuddur. Bu istiqamətdə klassik nəticələrlə tanış olmaq üçün Ladıjenskaya,Uraltsevanın,D.Gilbarq və N.Trudinger məşhur monoqrafiyası əsas mənbələrdən biri kimi qeyd olundu.
Qeyd edildi ki, keçən əsrin 70-ci illərindən etibarən kvazixətti elliptik tənliklərin həllolunma məsələləri daha sistemli və dərin şəkildə inkişaf etməyə başlamışdır. Bu sahədə Stampakiyanın, Bernşteynin, Bokardonun, Muratın, Porettanın, Amman,Krandalın, Segura de Leó, Lionsun, Ambrosettinin, Rabinoviçin, Poxojaevin və digər alimlərin mühüm töhfələri xüsusi vurğulandı.
Sonda seminar iştirakçıları məruzəçiyə suallar ünvanlamış və mövzu ətrafında geniş müzakirə aparılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.