Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək – Yeni qayda


Azərbaycanda elmi nəşrlərə görə müəllif öhdəlikləri müəyyən edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarı ilə təsdiqlənmiş “Elmi etika kodeksi”ndə öz əksini tapıb.

Yeni sənədə görə, nəşrlərdə müəlliflərin sıralaması əvvəlcədən razılaşdırılmalı, hər müəllifin gördüyü iş açıq şəkildə göstərilməli, həmçinin maddi və resurs dəstəyi barədə məlumat təqdim edilməlidir.

Elmi qurumlarda müəlliflik ardıcıllığının qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirmə zamanı təqdim olunan elmi işlərdə müəlliflərin ardıcıllığına xüsusi diqqət yetirilməli və müəllif sıralamasının elmi işə verilən real töhfəni əks etdirməsi əsas prinsip kimi nəzərə alınmalıdır.

Zərurət yarandıqda müəlliflərin töhfələri üzrə qısa yazılı bəyanat tələb olunmalı, müəllif sıralamasının töhfə prinsipi ilə uyğunluğu şübhə doğurduqda izahatın təqdim edilməsi və uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq düzəlişlərin edilməsi tövsiyə edilməlidir.

Müəllif adı elmi işdə göstərildiyi hər bir halda həmin işin elmi məzmununa, metodoloji düzgünlüyünə, nəticələrin etibarlılığına və etik tələblərə riayət olunmasına görə məsuliyyət daşımalıdır. Müəlliflik yalnız faktiki elmi töhfə və nəticələrə birbaşa iştirak əsasında formalaşmalı, “formal” və ya “töhfəsiz” müəlliflik hallarına yol verilməməlidir.

Bundan əlavə, elmi müəssisənin fəaliyyət istiqaməti və profili ilə uyğunluq əsas meyar kimi nəzərə alınmalı, müəssisənin elmi mandatına, prioritetlərinə və ixtisaslaşmasına aidiyyəti olmayan, kənar mövzulu məqalələrdə əməkdaşların adlarının müəllif kimi göstərilməsi qəbuledilməz hesab edilməlidir.

Belə hallarda müəllifin töhfəsi, mövzuya uyğunluğu və iştirakı əsaslandırılmalı, uyğunsuzluq aşkar edildikdə isə bu cür müəlliflik praktikalarının qarşısının alınması məqsədilə institusional tədbirlər tətbiq olunmalıdır.

muallim.edu.az

Faydalı linklər