05/04/2019
Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə AMEA-nın gənc alim və mütəxəssislərinin VI institutlararası futbol çempionatı keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar 10 aprel 2019-cu il tarixinədək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidirlər.
Turnirdə iştirakla bağlı tələblər aşağıdakılardır:
– Müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənən iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 11 nəfər olmalıdır;
– Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3×4 ölçüdə şəkil), şəxsiyyəti təsdiq edən sənədin surəti, eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdilənmiş) sənədlərə əlavə olunur;
– Komandaların heyətini AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan (01.01.2019 tarixindən bəri işə götürülənlər istisna olmaqla) əməkdaşlar iştirak edə bilər;
– Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.
Ünvan: AZ1073, Bakı ş., H.Cavid pr., 115 (3-cü mərtəbə, otaq 324)