05/05/2022
Tədbiri giriş nitqi ilə açan AMEA-nın RMİ-nun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. Qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub. Professor öz çıxışında bir daha vurğuladı ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxaran Ülu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.
Ulu Öndər Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Professor Misir Mərdanovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyəti, güclü iradəsi ilə müstəqil Azərbaycan Respublikasını yeni tarixi mərhələyə çatdırmışdır.
Alim milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunmasında ümummilli liderin xidmətləri əvəzsiz oduğunu vurğulayıb. Ona görə də Azərbaycan xalqı var olduqca Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq və ehtiramla yad olunacaq.
Sonda Ümummilli Liderin memarı olduğu Müstəqil Azərbaycanın xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası barəsində geniş söhbətlər aparılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.