Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim Nadir Sülüymanovu 90 illik yubileyi münasibətilə təbrik edirik


Nadir Məhəmməd oğlu Süleymanov 15 dekabr 1932-ci ildə Ucar rayonu Rəstəcə kəndində anadan olub.

1941-1951-ci ildə Ucar rayonu 1 nömrəli orta məktəbdə təhsil alıb, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı buraxılış diplom işində aldığı elmi nəticəyə görə ona SSRİ Ali Təhsil Nazirliyinin 1-ci mükafatı və fəxri fərmanı vermişdi.

1956-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda kiçik elmi işçi olub, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetində görkəmli riyaziyyatçı Q.Y.Şilovun aspirantı olmuşdur. 1965-ci ildə “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş,  1965-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb.

 1975-1977-ci illərdə Moskva Dövlət Universitetinin doktorantı olmuş  və 1982-ci ildə həmin Universitetin “Evolyusion tənliklərin həlli üçün Viman-Valiron tipli qiymətləndirmə və xüsusi diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafə etmişdir.

          1984-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1990-2000-ci illərdə BDU-nin “Ehtimal nəzəriyyəsi” kafedrasının müdiri olmuş,  daha sonra “Funksional analiz” kafedrasında professor vəzifəsində çalışıb. Görkəmli riyaziyyatçı alim 80-dən artıq sayda elmi məqalənin, tezislərin, monoqrafiya və dərs vəsaitinin müəllifidir. Çoxlu sayda elmi əsərləri keçmiş SSRİ-nın və ABŞ-nın yüksək reytinqli elmi məcmuələrində böyük həcmlə çap olunmuşdur. 2012-ci ildə onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası  Moskva Dövlət Universitetinin nəşriyyatında çapdan çıxıb. O, əsəri MDU-da nəşr olunan ilk azərbaycanlı alimdir. Bu monoqrafiya haqqında Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına MDU-nin professoru V.A.İlin geniş resenziya yazıb və “Pure and applied mathematics” jurnalında çap etdirib.

Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin  30 oktyabr  2009-cu il tarixli sərəncamı  ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

2014-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır. Hal-hazırda görkəmli alim elmi işlərini davam etdirir, çoxlu sayda elmi kadrlar hazırlamışdır, bir tələbəsi isə beş il öncə  Ehtimal nəzəriyyəsi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib. Habelə,  ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. 2017-ci ildə media tərəfindən ona “İlin alimi” fəxri adı verilib. Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası ərazi təşkilatını ilk yaradanlardan biri olub.

Fizika–riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir Süleymanov funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, tanınmış elm xadimidir. Onun əldə etdiyi elmi nəticələr diferensial tənliklərin keyfiyyət nəzəriyyəsində tamamilə yeni elmi-tədqiqat istiqaməti olan Viman – Valiron tipli qiymətləndirmələr almışdır. Bu nəticələri almaq üçün o, ehtimal nəzəriyyəsi əsasında yeni bir elmi-tədqiqat metodu işləyib hazırlayıb. Hilbert fəzasında evolyusion tənliklərin həlli üçün qiymətləndirmə üsulları, parabolik, tərs-parabolik və psevdodiferensial tənliklərin  həlli üçün Viman – Valiron tipli teoremlər isbat etmiş, evolyusion tənliklər üçün yeni tipli teoremlər almışdır. Beləliklə, Nadir Süleymanov nəinki diferensial tənliklər üçün yeni növ teoremlər əldə edib, həm də tam funksiyalar sahəsində yeni, daha dəqiq və ümumi elmi nəticələrə nail olub. Alimin ən böyük uğuru evolyusion tənliyin həlli üçün yeni növ qiymətləndirmələrin – Viman-Valeron tipli nəticələri almasıdır.

Hörmətli Nadir müəllim! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız. Sizi yubileyiniz münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, elmi fəaliyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, yaşınızın bu müdrik çağında da üzünüz daim güləcək və Ulu Tanrı yardımçınız olacaq.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər