Riyaziyyat və
Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir
üzvü Qeylani Minhac oğlu Pənahovun 65 yaşı tamam oldu.
Qusar
rayonunun Ənıx kəndindən anadan olan Qeylani Pənahov Azərbaycan Dövlət Neft və
Kimya İnstitutunu “Dağ mühəndisi” ixtisası üzrə bitirib, Dağıstan geoloji
ekspedisiyasında fəaliyyət göstərib, daha sonra Ukraynada Təhlükəsizlik
Texnikası İnstitutunda böyük mühəndis vəzifəsində çalışıb. 1979-1988-ci illərdə
o, Azərbaycan Neft və Kimya İnstitutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində
işləyib, 1986-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyalarını
müdafiə edib və 2014-cü ildə “Mexanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü
seçilib.
Alim 1988-ci
ildən Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası
şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb, 1999-2002-ci illərdə institutda
Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının rəhbəri işləyib,
2002-ci ildən isə Maye və qaz mexanikası şöbəsinin müdiridir.
Qeylani Pənahov
pedaqoji fəaliyyətlə də məşğul olub, 1996-2002-ci illər ərzində Azərbaycan Neft
Akademiyasında professor vəzifəsində işləyib, bir sıra fənlərdən mühazirələr
oxuyub.
Alim tərəfindən
müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlərdə
elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyi göstərilib, dispers
sistemləri axınlarında qapanma mexanizmi verilib, neftqazçıxartmada prosesləri
tənzimləmək üçün reokimyəvi əmələgəlmələrin müəyyən termobarik şəraitdə rolu
açıqlanıb. O, həmçinin bir sıra tənzimlənə bilən özlü-elastik tərkiblər üçün təkliflər
verib ki, bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənayə
texnologiyaları yaradılıb. Bu texnologiyalar hazırda Azərbaycan, Rusiya, ABŞ,
Çin və Vyetnamda tətbiq olunur. Bundan əlavə o, mayelərin sərhədində yaranan
fluktuasiyanın tənzimlənməsinin lokal təzyiq vasitəsilə mümkünlüyünü göstərərək
yeni texnoloji metod irəli sürüb.
AMEA-nın
müxbir üzvü Qeylani Pənahov iki yüzə yaxın elmi məqalənin müəllifidir ki,
onlardan 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini
alıb, Rusiya Federasiyası İxtiralar Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının
həqiqi xarici üzvüdür.
Alim elm sahəsindəki
nailiyyətlərinə görə akademik V.Vernadski adına fəxri gümüş medalı, Rusiya Təbiət
Elmləri Akademiyasının Fəxri nişanı, AMEA-nın Fəxri fərmanı, Akademik Azad Mirzəcanzadə
adına gümüş medalla təltif edilib.