Riyaziyyat və Mexanika İnstitutunun
“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n, dosent Əli Əvəz oğlu Babayevin 70 yaşı tamam olur. Ə.Ə.Babayev 1949-cu ildə dekabrın 5-də
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra təyinatla AMEA-nın Riyaziyyat
və Mexanika İnstitutunda işləmişdir. 1971-1973-cü illərdə Mokvada Steklov adına
Riyaziyyat İnstitutunda ixtisasartırma kursunda olmuşdur.
1974-cü ildə aspiranturaya
daxil olub, 3 il müddətində Sankt-Peterburq şəhərinə (Steklov adına Riyaziyyat
İnstitutunun Sankt-Peterburq şöbəsinə) ezamiyyətə göndərilmişdir. Aspiranturanı
bitirdikdən sonra Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, kiçik elmi
işçi, elmi işçi vəziələrində işləmişdir.
1985-ci ildə Moldaviya Elmlər
Akademiyasının Riyaziyyat İnstitutunun elmi şurasında “Çıxarışların
ekvivalentliyi və kateqoriyalarda morfizmlərin bərabərliyi” mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə İran İslam Respublikasında 6
aylıq elmi məzuniyyətdə olmuşdur.
1989-2018-ci illərdə İnstitutun
Həmkarlar Təşkilatının sədri oluşdur.
Ə.Ə.Babayev 100-dən çox elmi
əsərin müəllifidir. Bu əsərlər Rusiya, Estoniya, İran və Azərbaycanın nüfuzlu
jurnallarında çap edilmişdir. Onun isbatlar nəzəriyyəsi sahəsində aldığı nəticələr
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ə.Ə.Babayev Rusiya, Ukrayna, Bolqarıstan, İran, Gürcüstan,
Estoniya və s. ölkələrdə keçirilmiş Beynəlxalq konfranslarda elmi məruzələrlə
çıxış etmişdir.
Son illərdə Əli Babayev həm
də dahi ensiklopedik alim N.Tusinin riyazi irsinin araşdırılmasına rəhbərlik
edir.
2002-ci ildən “Cəbr və
riyazi məntiq” şöbəsinin müdiri vəzifəsində çalışır.
İnstitutun kollektivi adından
Əli Babayevi 70 yaşı tamam olamsı
münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun omür və elmi fəaliyyətində
müvəffəqiyyətlər arzulayırıq.