Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Məmmədovanın 55 yaşı münasibətilə təbrik edirik!


Mehriban Əli qızı Məmmədova 23 may 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Mehriban Məmmədova 1988-ci ildə Azərbaycan Dövlət Universitenin mexanika – riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il gənc mütəxəssis statusunda Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) Riyaziyyat və Mexanika İnstitutuna işləməyə göndərilmişdir. 1988-1997-ci illərdə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda mühəndis işləmişdir. 1997-ci ildən indiyə kimi AMEA RMİ-nin “Sürüncəklik nəzəriyyəsi” şöbəsində çalışır; kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksəlmişdir. 2002-ci ildə fizika-riyaziyyat elmlər doktoru, professor L.X.Talıblının rəhbərliyi ilə “Özlüelastikplastik cisimlərin uzunmüddətli təkrarlanan yükə davamlılığında zədələrin yığılmasının inkubasiya dövrünün nəzərə alınması” mövzusunda fizika – riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. 2008-ci ildə deformasiya olunan bərk cismin mexanikası ixtisası üzrə dosent elmi adını almışdır. Mehriban Məmmədova Riyaziyyat və Mexanika İnstitutunda işlədiyi dövrdə onlarla beynəlxalq və respublika elmi konfranslarında iştirak etmiş və mexanikanın müasir aktual problemlərinə həsr olunmuş elmi məruzələrlə çıxışlar etmişdir. Mehriban xanım 36 dərc olunmuş elmi işin müəllifidir, müdafiədən sonra 20 məqaləsi (onlardan 10 məqalə xaricdə), bir monoqrafiyası (rus dilində) çap olunmuşdur. Ailəlidir, 3 övladı var. Mehriban Məmmədova çox mürəkkəb xassəli – özlüelastikiplastik deformasiyalanan cisimlərin ixtiyari qeyri-stasionar yüklənmə halında möhkəmliyinin keyfiyyətcə yeni riyazi nəzəriyyəsini yaratmış, bunu termodinamika qanunları və təcrübə məlumatları ilə əsaslandırmış, konkret qoyulmuş məsələlərin həllinə tədbiq etmiş və nəticədə, böyük əhəmiyyət kəsb edən bir çox sənaye qurğularının xidmət müddətini proqnozlaşdırmağa nail olmuşdur. Bununla yanaşı, Rabotnov – Moskvitin tipli qeri-xətti özlüelastiklik nəzəriyyəsinin ümumi kvazistatik məsələsini həlli daha sadə olan Henki – İlyuşinin elastikiplastik nəzəriyyəsinin uyğun məsələsinə gətirən teoremlər isbat etmişdir. Bu teoremlər riyazi qoyuluşu qeyri-xətti olan bir çox məsələlərin ilk dəfə dəqiq analitik həllərini almağa imkan vermişdir. Mehriban Məmmədovanın xüsusi əhəmiyyətə malik elmi nəticələrindən biri də mexaniki sıxılan materiallar üçün elastiklik və elastikiplastiklik nəzəriyyələrinin ümumi şəkildə qoyulmuş kvazistatik məsələlərini mexaniki sıxılmayan materiallar üçün uyğun məsələlərin həllinə gətirən teoremlərin isbatı və bu həll üsulunun konkret məsələlərin həllərinə tədbiqi olmuşdur. AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Mehriban xanımı 55 illik yubileyi münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    509862

  • Sağalan

    481696

  • Yeni yoluxan

    2005

  • Aktiv xəstə

    21337

  • Ölüm halı

    6829

  • Test edilib

    5,069,352

Faydalı linklər