Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun sabiq direktoru, görkəmli riyaziyyatçı alim, AMEA-nın müxbir üzvü İlham Məmmədov


İlham Tofiq oğlu Məmmədov 1955-ci iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. O, 1970-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tətbiqi riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1974-1975-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində elmi təcrübə keçmişdir. 1976-cı ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edən alim 1988-ci ildə professor elmi adını almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
İ.T. Məmmədov əmək fəaliyyətinə elə Dövlət Neft və Kimya İnstitutunda assistenti kimi başlamış, sonra isə orada böyük elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildən İlham Məmmədov həyatını Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə bağlamışdır. İnstitutda baş elmi işçi kimi fəaliyyətə başlayan alim qısa müddət ərzində İnstitutun direktor müavini və direktoru vəzifəsinə qədər yüksələ bilmişdir. Həmçinin O, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi-fizika tənlikləri kafedrasının professoru vəzifəsində də çalışmışdır.
O, tətbiqi riyaziyyat sahəsində səmərəli elmi fəaliyyət göstərən tanınmış alimlərdən idi. Onun xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi ilə bağlı araşdırmalarının nəticələri mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Kəsilən əmsallı ikinci tərtib kvazi-xətti parabolik tənliklərin həllərinin hamarlığı, mənfi olmayan xarakteristik formaya malik tənliklərin həllərinin sərhəd xassələri və parabolik tənliklərin keyfiyyət nəzəriyyəsi ilə əlaqədar bir sıra ciddi nəticələr almışdır. Elmi nəşrlərdə işıq üzü görmüş əsərləri, habelə müxtəlif beynəlxalq simpozium və konfranslarda etdiyi elmi məruzələr ölkəmizdə riyaziyyat elminin inkişafına dəyərli töhfə olmuşdur.
Alim yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında qüvvə və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi ilə çox sayda elmlər namizədi və doktoru hazırlanmışdır.
O, elmi yaradıcılıqla yanaşı, bacarıqlı elm təşkilatçısı kimi də səmərəli fəaliyyət göstərmişdir. İ.T. Məmmədov İnstitut direktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin üzvü olaraq ölkəmizdə riyaziyyat sahəsində böyük xidmətlər göstərmişdir. İlham Məmmədov NATO-nun elm komitəsinin eksperti kimi Azərbaycanı bu nüfuzlu beynəlxalq qurumda ləyaqətlə təmsil etmişdir. 1982-ci ildə alim Azərbaycan SSR Lenin Komsomolu Mükafatına layiq görülmüşdür.
İlham Tofiq oğlu Məmmədov 2003-cü il dekabrın 10-da ömrünün 49-cu ilində vəfat etmişdir.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan İlham Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər