Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb


Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov açdı. Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycanda riyaziyyatın inkişafı tarixindən” mövzusunda plenar məruzə ilə çıxış edərək Azərbaycan riyaziyyat və mexanika elmlərinin inkişafında əvəzsiz xidmətləri olan alimlərimiz haqqında geniş məlumat verdi və qeyd etdi ki, onlar elmimizin inkişafı yolunda üzərinə düşdüyü vəzifələri həmişə şərəflə yerinə yetirərək, ölkəmizi layiqincə təmsil ediblər. Professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun bir çox elm, təhsil mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini, ölkəmizi intellektual kadr potensialının formalaşmasına böyük töfhələr verdiyini diqqətə çatdırdı. Bugünkü beynəlxalq konfransın keçirilməsi elm və təhsilimizin inteqrasiyasına böyük təkan olduğunu vurğuladı.
Sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi, İdarəetmənin ümumi problemləri kafedrasının professoru Andrey Fursikov “3D helmholts sistemi ilə əlaqəli normal tip parabolik tənlik və onun qeyri-lokal stabilləşməsi”, Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialı Riyazi analiz kafedrasının müdiri, Başqırdıstan Respublikası EA-nın müxbir üzvi, professor Kamil Sabitov “Qarışıq tip tənlik üçün qeyri-lokal Frankl məsələsi haqqında”, Tbilisi Dövlət Universiteti, Tətbiqi Riyaziyyat İnstitutu, prof. Tamaz Tadumadze “Gecikən arqumentli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri: həllərin variasiyalı düsturları, optimallaşdırma, həssaslığın analizi”, İvan Franko adına Lvov Milli Universitetinin Diferensial tənliklər kafedrasının müdiri professoru Mikola İvançov “Düzbucaqlı oblastda güclü cırlaşan istilikkeçirmə tənliyi üçün tərs məsələ haqqında”, Sumqayıt Dövlət Universitetinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev “Modulyar dinamik sistemlər nəzəriyyəsininin inkişafı və müasir problemləri” mövzularında məruzə ilə çıxış etdilər.
Konfransda funksional analiz və funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika, optimallaşdırma və optimal idarəetmə, riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri üzrə məruzələr dinlənildi, müzakirələr aparıldı. Konfrans öz işini bölmə iclaslarında davam etdirir.
Qeyd edək ki, konfransa göndərilmiş 385 tezisdən 310-u qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər