Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hilbert David


AMEA Riyaziyyat və Mexanika İnstitutuHilbert David (1862-1943) Böyük alman riyaziyyatçısıdır. David Hilbert riyaziyyatın ən müxtəlif sahələrindəki fundamental işlərinə görə dünya şöhrəti qazanmışdır. 1900-cü ildə onu riyaziyyatçıların Parisdə keçirilən ikinci konqresinə dəvət etdilər. Konqres ərəfəsində o, qısa müddətdə böyük cəsarətlə Evklid həndəsəsinin aksiomatikasını yenidən qurdu. Hilbertin Evklid həndəsəsi üçün təklif etdiyi aksiomatika nöqsansız idi. Bundan başqa o, növbəti əsrdə riyaziyyatın inkişafını müəyyənləşdirən problemləri alimlərin diqqətinə çatdırmağı qərara aldı.
Hilbertin 23 problemi arasında konkret məsələlərlə yanaşı, riyaziyyatın inkişaf istiqamətlərini müəyyənləşdirən ümumi məsələlər də var idi.
Hilbertin problemlərindən yalnız biri (III problem) orta məktəb həndəsəsinə aid idi.
Hilbertin diqqətini o cəlb etdi ki, üçbucağın sahəsini hesablayanda limit anlayışına ehtiyac yoxdur, üçbucaqlı piramidanın həcmini hesablamaq üçün limitsiz keçinmək olmur.
Buna 1900-cu ildə M.Den cavab verdi. O Hilbertin üçüncü problemini həll edərək isbat etdi ki, eyniböyüklükdə olan kub və düzgün tetraedr eynitərkibli deyil, yəni çoxüzlülərin həcmi nəzəriyyəsini qurmaq üçün limitsiz keçinmək mümkün deyil. (bax: eyni böyüklükdə və eynitərkibli fiqurlar).
Konqresdən sonra alimin diqqətini riyazi analiz cəlb edir və burada o, həmişəki kimi, heyrətamiz yanaşma nümayiş etdirir. Onun fikrincə funksiyalar sonsuz ölçülü fəzanın nöqtələridir. Analitik nəticələr sırf həndəsi dildə alınır.
O, ədədlər nəzəriyyəsi sahəsində Varinqin məşhur problemini həll edir, isbat edir ki, istənilən natural ədədi ədədlərin qüvvətləri cəmi kimi göstərmək olar: İstənilən natural ədədi dörd kvadratın, doqquz kubun, on doqquz dördüncü dərəcənin və s. cəmi kimi göstərmək olar.
Hilbertin işlədiyi universitet XX əsrin birinci qərinəsində
( 1/3 – də) dünya riyazi fikrinin böyük mərkəzlərindən biri olmuşdur.

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər