Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans


AMEA Riyaziyyat və Mexanika İnstitutuİyulun 10-da Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda dünyanın 15 ölkəsindən – Azərbaycan, Rusiya, Yaponiya, Polşa, Hindistan, Tunis, İtaliya, Pakistan, İngiltərə, Qırğızıstan, Qazaxıstan, İran, Çexiya və s. 100-ə yaxın alim iştirak edir.
Beynəlxalq konfransın açılışında Ahi Evran Universitetin rektoru, professor Vatan Karakaya geniş çıxış edərək görkəmli alimin dünya riyaziyyat elmində öz yerini tapmış olduğunu, elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb. Vaqif Quliyevin böyük hörmətə, nüfuza malik olduğunu deyən rektor vurğulayıb ki, O, təkcə görkəmli alim yox, həm də dəyərli ziyalıdır.
Konfransda Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində S.M. Nikolski adına Riyaziyyat İnstitutunun direktoru professor Viktor Burenkov çıxış edərək alimin riyazi nəzəriyyə və tətbiqlərin ciddi problemlərin həllinə yönələn yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi tədqiqatlarının olduğunu, çoxşaxəli zəngin yaradıcılığı ilə riyaziyyat elminin inkişafında mühüm rol oynadığını, öz elmi məktəbini yaratdığını xüsusi qeyd edib.
Ankara Universitetinin professoru Ayhan Şerbetci OMTSA 2017 konfransının professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunduğunu qeyd edib və bu cür tədbirlərin dövlətlər arası elmi əlaqələrin daha da möhkəmlənməsinə bir vasitəçi olduğunu diqqətə çatdırıb.
Açılışın sonunda rektor Vatan Karakaya professor Vaqif Quliyevə xatirə olaraq konfrans hədiyyəsi təqdim edib.
Bölmə iclaslarında öz işini davam etdirən Beynəlxalq elmi konfrans bu gün başa çatacaq.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından alimə möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər