Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həndəsə


Həndəsə Riyaziyyatın cisimlərin formasını və fəza münasibətlərini öyrənən çox qədim hissəsidir. Həndəsə predmeti və üsulları, onun çoxəsrlik inkişafı nəticəsində çox böyük dəyişikliyə uğramışdır. B.e.ə. V əsrdən Həndəsə inkişafının yeni mərhələsi başlanır. Qədim yunan riyaziyyatçıları tərəfindən Həndəsə aksiomatik qurulması təşəbbüsləri olur. Evklidin “ Başlanğıclar” əsəri (b.e.ə. III əsr) bu istiqamətdə atılmış böyük addım hesab edilməlidir..
Həndəsə inkişafında keyfiyyət dəyişikliyi bir də XVII əsrin birinci yarısında baş verdi. Böyük fransız alimi R.Dekartın əsərlərində koordinatlar üsulu adlanan üsul daxil edildi. Bu üsul fiqurların cəbri və həndəsi xassələri arasında çox dərin əlaqəni müəyyənləşdirdi və fiqurların xassələrini o zaman inkişaf etmiş cəbr, sonsuz kiçilənlər analizi vasitəsilə öyrənməyə imkan verdi. Bu yolda analitik həndəsə, sonralar isə diferensial həndəsə yarandı.
Həmin dövrdə (XVII əsrin birinci yarısı) həm də Həndəsə “proyektiv həndəsə” sahəsi yarandı. Onu yaradanlar fransız alimləri B.Paskal və J.Dezarq idilər.
Həndəsə inkişafında inqilabi an qeyri-Evklid həndəsəsinin yaradılması idi. Bu işdə rus alimi M.İ.Loboçevskinin adını birinci çəkmək lazımdır. O göstərmişdir ki, Evklidin aksiomları sistemində paralellik aksiomunu özünün tərs təklifi ilə əvəz etsək, bu zaman alınan həndəsə ziddiyyətsiz olur. Bu həndəsənin teoremləri çox vaxt adi əyani təsəvvürlərə uyğun gəlmir.
Həndəsə inkişafında mühüm addımlardan biri alman alimi B.Rimana məxsusdur. Riman həndəsi obyektləri öyrənmək üçün yeni üsullara müraciət etmiş, indi Riman həndəsəsi adlanan yeni həndəsənin əsasını qoymuşdur. Rimanın işlərinin mühüm əhəmiyyəti onunla əlaqədar idi ki, onun ideyaları A.Eynşteynin nisbilik nəzəriyyəsinin riyazi əsası oldu.
Həndəsə inkişafında XIX ikinci yarısında yaradılmış “çevirmələr qrupu” nəzəriyyəsi mühüm yer tutur. Bu nəzəriyyənin əsasını norveç alimi S. Li qoymuşdur.
Həndəsə inkişafında cəbri həndəsənin və tenzor analizinin yaradılmasını qeyd etməmək olmaz. Həndəsə elminin yunan dilində adı “geometriya”dır ki, hərfi tərcüməsi “yerölçmə” deməkdir. Bizim işlətdiyimiz “həndəsə” sözü isə fars dilində “ülgü”, “biçim”mənasını verən əndazə” sözündən götürülmüşdür .

Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər