Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Görkəmli alim, hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur


Oktyabrın 25-də görkəmli alim, qayğıkeş müəllim, təvazökar və hümanist insan, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun anadan olmasının 100 ili tamam olur.

Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndin­­də zi­­yalı ailəsində anadan olmuş və boya-başa çatmışdır.

Qoşqar Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində al­mış, V-VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta mək­təbin­də oxumuşdur. O, 1930-cu ildə Bakı İnternasional Peda­qoji Texnikumuna daxil olmuş və 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədə­bəy rayonunun Xar-xar kənd natamam orta məktəbinə fizika və ri­ya­ziy­yat müəllimi təyin olunmuşdur.

Qoşqar Əhmədov kənddə bir il müəllimlik etdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzdindəki hazırlıq kursunda oxumuşdur. O, 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə və Tibb İnstitutuna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi).

Qoşqar Teymur oğlu Əhmədov 1941-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kül­təsini fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. Ali təhsilini başa vurduqdan sonra-1941-ci ildə Böyük Vətən müharibəsində iştirak etmişdir. O, 1942-ci ildə Hərbi Akademiyanı bitirmişdir.

Qoşqar Əhmədov 1946-cı ildə ordu sıralarından tərxis olunandan dərhal sonra Azərbaycan Dövlət Universitetinə işə bərpa olunur, Funksiyalar nəzəriyyəsi və cəbr kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olur.

29 yaşlı Qoşqar Əhmədov 1946-cı ilin oktyabrında universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilir. 1947-ci ilin sentyabrında həmin fakültənin dekanı vəzi­fə­­sinin icrası Qoşqar Əhmədova tapşırılır.

Həmin illər o, universitetin və Fizika-riyaziyyat fakül­təsinin təşkilati işləri ilə yanaşı, elmi-tədqiqat işləri ilə də ciddi məşğul olur.

1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin El­mi Şurasında, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun rəh­bər­liyi ilə “Bəzi qeyri-xətti inteqral tənliklərin araşdırılması (təd­qiqi)” mövzusunda namizədlik dissertasiyası müdafiə edə­rək fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə dok­toru) elmi dərəcəsini almışdır.

1956-1958 illərdə Moskva Dövlət Universitetində doktoranturada olmuş, 1960-cı ildə “Operatorların və operator-diferensial tənliklərin analitik nəzəriyyəsi”  mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

O, 1946-cı ildən etibarən Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır. 1958-ci ildən ömrünün sonuna qədər  universitetin Mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının müdiri vəzifəsində çalışmış, müxtəlif illərdə həmin fakültənin dekanı, universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir. Müxtəlif illərdə  o, Fizika və riyaziyyat və Mexanika və riyaziyyat fakültələrinin dekanı olmuşdur. 1961-ci ildə professor adına layiq görülmüşdür .

Qoşqar Əhmədov 1969-cu ildə Azərbaycanın SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, uzun illər “Adi diferensial tənlikər” kursundan mühazirələr oxumuşdur. 1960-ci illərin əvvəlindən o, eyni zamanda həmin dövr üçün yeni olan “Optimal idarəetmənin riyazi üsulları” sahəsi ilə məşğul olmuşdur. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanda “Optimal idarəetmə məktəbi” yaranmışdır. 1971-ci ildə Qoşqar Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərində “Optimal idarəetmənin riyazi üsulları” mövzusunda Ümum ittifaq Elmi Konfransı keçirilmişdir. Bu konfrans ölkəmizdə elmin həmin sahəsinin yüksək inkişafına səbəb olmuşdur. O, Orta Asiya respublikaları üçün riyaziyyatçı kadrların hazırlanmasına böyük əmək sərf etmiş, vaxtaşırı həmin ölkələrin universitetlərində mühazirələr oxumuşdur.

Qoşqar Əhmədov Moskva “Riyaziyyat” cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik Şuranın, Azərbaycan Dövlət Universitetinin böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin, Azərbaycan EA-nın, Ri­yaziyyat və Mexanika bölməsi üzrə çıxan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin, V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Univer­sitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının üzvü olmuşdur.

1970-ci il iyunun 4-də Qoşqar Əhmədov ikinci dəfə Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

Professor Qoşqar Əhmədovun rəhbərliyi ilə onlarla alim namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər.

O, 1975 – ci ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi dünya şöhrətli riyaziyyatçı alim, bacarıqlı elm təşkilatçısı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun xatirəsini daim dərin hörmətlə anır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər