Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib


Bakı Dövlət Universitetində görkəmli alim, tanınmış ictimai xadim, elm və təhsil təşkilatçısı, Diferensial və inteqral tən­liklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru, professor Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Qoşqar Əhmədov universitetin tari­xin­də xüsusi rol oynamış görkəmli ziyalılardan, Azər­bay­can riyaziyyat el­min­də məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəx­siy­yə­t­lərdən biri olub.

Onun fəaliyyəti nəticəsində Respublikamızda «Optimal idarəetmə» mək­­təbinin yarandığını deyən rektor, keçmiş sovetlər birliyində optimal idarəetmə sahə­sində ilk el­mi konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəh­bərliyi altında keçi­ril­diyini, hazırda bu məktəbin nümayəndələrinin keç­miş ittifaqın müxtəlif elmi mək­təb­lərində tanınmış mütəxəssislər oluğunu diqqətə çatdırıb. Abel Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun fəaliyyətinin ən mühüm sahələrindən biri onun pe­da­qoji fəa­liyyətidir.

“O, böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu”.

Sonra Qoşqar Əhmədovun elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə  Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov çıxış edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib. Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu. 70-dən çox elmi əsə­rin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dis­ser­ta­siyaları müdafiə olunmuşdu.

Onu da qeyd edək ki, bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunmuşdur.  264 səhifədən ibarət olan  kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və hümanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olunmuşdur. Çox saylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa, lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumat verilmişdir.

Tədbirdə həmçinin Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər.
Elmi konfrans işini 8 bölmədə davam etdirib. Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Özbəkistan Respublikalarından daxil olmuş 180 məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər