Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan riyaziyyat elminə ağır itki üz verib


Hüseynov Rauf Vəli oğlu 12 iyun 1940-cı ildə Azərbaycan Respublikası Göyçay şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyat fakültəsini bitirmişdir.

1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-cü illərdə isə həmin universitetin doktorantı olmuş, 1973-cü ildə MDU-nun professoru Q.E.Şilovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1972-1979-cu illərdə Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır. 1979-1990-cı illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dosent, “Ali riyaziyyat” kafedrasının müdiri vəzifələrində işləmişdir.

1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, “Funksional analız” şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləmişdir.

2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləmişdir.

2007-2019-cu illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun ”Riyazi fizika tənlikləri” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən D 01.111 Dissertasiya Şurasının sədr müavini, şuranın üzvü olmuşdur.

R.V. Hüseynov funksional analiz sahəsində dünya şöhrətli Moskva Riyaziyyat məktəbinin yetirməsidir. R.V. Hüseynov inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifi olmuşdur.

Onun tərəfindən Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirmələrinə aid mühüm nəticələr alınmış və belə çevirmələrin xassələri öyrənilmişdir. Kvant fizikası məsələlərində meydana gələn variasiya törəməli diferensial tənliklərin həlli üçün bu çevirmə onun tərəfindən tətbiq olunmuşdur. R.V. Hüseynov tərəfindən Qauss ölçülü istənilən xətti topoloji fəzalarda daxil edilmiş bu çevirmə daha əvvəl Kameron və Martin tərəfindən daxil edilmiş Viner ölçülü funksional fəzalarda Furye –Viner çevirməsinin ümumiləşməsidir.

Onun tərəfindən alınmış nəticələr akademiklər: Y.S.Samoylenko, Y.M.Berezanski və professorlar: Kondratyev, Y.L.Daletski və S.B.Fominin monoqrafiyalarında öz əksini tapmışdır.
Xüsusi törəməli tənliklər sahəsində R.V.Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistemli (dərin) öyrənilmişdir. Bu məsələ J.L.Lions və E. Majenesin məşhur “Qeyri-bircins sərhəd məsələləri və onların tətbiqləri” monoqrafiyasında ifadə olunmuş və onun həllinin mühümlüyü qeyd olunmuşdur.

Kvazielliptik sərhəd məsələlərinin sistemli öyrənilməsi üçün R.V. Hüseynov tərəfindən anizotrop Sobolev fəzalarında Hardi tip və Puankare tip bərabərsizliklərin nəzəriyyəsi inkişaf etdirilmişdir ki, bu da geniş sinif kvazielliptik məsələlərin həllolunmasına əhəmiyyətli yardım etmişdir.

Yuxarıda adı çəkilən monoqrafiyada Rusiyadan, İtaliyadan, Skandinaviya və Yaponiyadan çoxsaylı müəlliflərin nəticələri qeyd olunmuşdur. Bununla yanaşı kvazielliptik tənliklər üçün sərhəd məsələlərinin tam və sistemli öyrənilməsinin boşluğu göstərilmişdir. R.V. Hüseynov tərəfindən alınmış nəticələr bu boşluğu doldurmağa imkan vermişdir.

R. Hüseynov 51 elmi işin müəllifidir.  O, 2 elmlər doktoru və 1 fəlsəfə doktoru hazırlamışdır.

Rauf Hüseynov möhkəm yaddaşa, yüksək intellektə, müxtəlif elm sahələrində (fizika, tarix, fəlsəfə, filologiya, incəsənət və s.) dəqiq analiz etmək qabiliyyətinə malik bir ziyalı idi. Digər elm sahələrindəki peşəkarlığını nəzərə alaraq, o hətta AR Prezidenti yanında AAK-ın filologiya ixtisası üzrə ekspert kimi fəaliyyət göstərmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü RAUF VƏLİ OĞLU HÜSEYNOVUN vəfatından kədərləndiklərini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər