Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


05.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Hesablama riyaziyyatı və informatika” şöbəsinin əməkdaşı Vüqar Vaqif oğlu Sadıxov “Variatorlu friksion sistemlərin mühərriklə qabaqlayici təsirli əks əlaqə tətbiqi ilə idarə xassələrinin yüksəldilməsi” mövzusunda məruzə edəcəkdir.

Pilləsiz friksion ötürməli (variatorlu) sistemlərin riyazi modelləşdirmə yolu ilə mexaniki xassələri öyrənilir. Mexaniki sistemin hərəkət qanunauyğunluğunu əks etdirən riyazi model sistemin aparan, aparılan vallarının, variatorun, mühərrik və verilmiş müqavimət xarakteristikasına malik yükün qarşılıqlı əlaqələrini üç differensial tənliklə ifadə edir.

Göstərilir ki, bu sistemlər üçün bir sıra konstruktiv həll variantlarında variatorun mərkəzi valının kiçik ətalət momentinə malik olduğundan irəli gələn özəllilik hərəkət tənliyində valların sürətləri arasındakı diferensial asılılığı statik asılılıqla əvəz etməyə və tənliklərin sayını ikiyə endirməyə imkan yaradır.

Digər tərəfdən ona diqqət yetirilir ki, vallararası friksion sürüşmənin mövcud olmadığı şəraitdə sistemin bir sərbəstlik dərəcəsinə malik olduğu halda sistemin hərəkəti hər iki valın, mühərrikin və yükün fırlanma momentlərini daxil edən bir qeyri-xətti diferensial tənliklə ifadə oluna bilir.
Göstərilir ki, mexaniki sistemin sıçrayışlı keçidlə bir-birini əvəz edən iki fərqli struktura malik modellərlə ifadə olunması baxılan sistemlərin mühüm özəlliyini təşkil edir və bu səbəbdən də analitik həllərin mümkünlüyüni büsbütün inkar edir. Ədədi üsullar vasitəsi ilə həllərin əldə olunması yolunda isə ən əsas maneə çevirici açar funksiyasının xarici təsir funksiyası (həyəcanlandırıcı) ilə bərabər məsələyə gətirdiyi qeyri-müəyyənlikdir.

Sübut edilir ki, alqoritmik yolla əldə edilən həll sistemin həyacanlandırıcı faktorlarının təsirini nəzərə alaraq, ixtiyari proqram əsasında idarə funksiyasını həyata keçirməyə imkan verir.
Göstərilir ki, aparılan valın sürəti ilə mühərrikin fırlandırıcı momenti arasında yaradılan qabaqlayıcı əks əlaqənin yaradılması variatorlu mexaniki sistemin nəinki idarəolunma xasələrini yaxşılaşdırır, həm də bu əlaqənin yaradıılması friksion sistemin triboloji göstəricilərinə xeyli dərəcədə müsbət təsir göstərir.