Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb


Zadeh-_w-199x300Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — dünya şöhrətli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə AMEA-nın təltif etdiyi ən yüksək mükafata – “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmışlar. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.
Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompyuter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.
Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi dünya şöhrətli alim Lütfi Zadəni təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni uğurlar arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər