Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik İbrahim İbrahimovun 106 yaşı tamam olur


Akademik_Ibrahim_Ibrahimov

Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi, yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim İbrahim İbiş oğlu İbrahimov 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir. 1935-1936-cı illərdə Azərbaycan Dövlət Universitetində, 1936-1938-ci illərdə isə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. O, 1939-cu ildə dünyada məşhur olan riyaziyyatçı alim A.O. Gelfondun rəhbərliyi ilə Moskva Dövlət Universitetində “Bəzi analitik funksiyalar sisteminin tamlığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İbrahim İbrahimov azərbaycanlılar arasında riyaziyyat üzrə ilk elmlər namizədi olmuşdur.
İbrahim İbrahimov analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını təd­qiq edərək riyazi analiz sahəsində klassik nəticələr əldə etmiş­dir.Funksiyaların konstruktiv nəzəriy­yəsi sahəsində görkəmli riyaziyyatçı­lar­dan M.V.Keldış, S.N.Bernşteyn, S.M. Nikol­ski, A.O.Gelfond, M.A.Lavrentyev və başqaları ilə yaxından əlaqə saxlamış onlarla birgə işləmişdir.
Akademik İbrahim İbrahimov 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. Onun Azərbaycanın ali məktəblərində ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri var. İ.İ.İbrahimovun 1955-ci ildə “Ədədlər nəzəriy­yəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilmişdir. O, 1950-1952-ci illər­də K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial hesabı” və “İnteqral hesabı” kimi iki hissədən ibarət olan kitabları azərbaycan dilinə tərcümə etmişdir.
İbrahim İbrahimov yaxınlaşmalar, interpolyasiya, tam funksiyalar nəzəriyyələri sahələrində dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr almışdır. O, yeni interpolyasiyalar qurmuş, onlar üçün yığılma meyarları vermiş və iki nöqtə problemini həll etmişdir.
Akademik İbrahim İbrahimov riyazi analizin müxtəlif sahələrində və riyaziyyatın tədrisi metodikası üzrə 40-dan çox elmlər namizədi və 4 nəfər elmlər doktoru hazırlamışdır.

İbrahim İbrahimov Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur. Akademik İbrahim İbrahimov Əməkdar Elm Xadimi fəxri adına və Dövlət Mükafatına layiq görülmüşdür.
İbrahim İbiş oğlu İbrahimov 6 oktyabr 1994-cü ildə vəfat etmişdir.
Onun əziz xatirəsi həmkarlarının, onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər