Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart- “Beynəlxalq Qadınlar Günü ” qeyd olundu


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açdı. O, xanım əməkdaşları 8 Mart – “Beynəlxalq Qadınlar Günü” bayramı münasibəti ilə təbrik edərək onlara könül xoşluğu, möhkəm can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzu etdi.

Misir Mərdanov XIX əsrin tanınmış azərbaycanlı neft maqnatı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin “əgər siz bir kişiyə təhsil verirsinizsə, o zaman bir şəxsi maarifləndirmiş olursunuz, ancaq bir qadına təhsil verməklə bütöv bir ailəni maarifləndirərsiniz” fikrini xatırladaraq cəmiyyətdə qadının rolunun yüksək qiymətləndirilməsinin vacib olduğunu vurğuladı.

Qeyd etdi ki, Azərbaycan xanımlarının əməyinin nəticəsidir ki, Azərbaycan ailələri digər dövlətlərlə müqayisədə daha davamlı və möhkəmdir.

Daha sonra tədbirdə Respublikanın Xalq Artisti Laləzar Mustafayeva çıxış edərək və institutun xanım əməkdaşlarını Bəxtiyar Vahabzadənin “Ana” şeiri və xoş sözlərlə təbrik etdi.

Sonda  xanımlara hədiyyələr təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər