Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Sübhanverdixanov Abdulla bəy Vəli oğlu (Abdulla Divanbəyoğlu) (1883-1936) kim olub?


Sübhanverdixanov Abdulla bəy Vəli oğlu 1883-cü ildə yanvarın 1-də Qazax qəzasının Hüseynbəyli kəndində doğulmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakı Dövlət Universitetinin tarix fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Bir müddət Acarıstanda, 1904-cü ildən isə Bakıda müəllimlik etmiş, “Nəşri-maarif” və “Nicat” xeyriyyə cəmiyyətlərində yaxından fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə Daxili İşlər Nazirliyində tərcüməçi işləmiş, qeyri-türk məmurların yenidən hazırlanması üçün dövlət tərəfindən təşkil edilmiş kurslarda Azərbaycan dilindən dərs demişdir.

Sovet hakimiyyəti illərində Xalq Maarif Komissarlığında fəaliyyət göstərmiş, qəzalarda məktəblərin təşkilində iştirak etmiş, dərslik və sinifdən kənar oxu üçün ədəbiyyat hazırlayan şöbənin üzvü olmuşdur.

Ali Pedaqoji İnstitutda, Zaqafqaziya hərbi məktəbində müəllim, nümunəvi pedaqoji texnikomda müdir, Azərbaycan Dövlət Universitetində, Sənaye İnstitunda, Xalq Təsərrüfatı İnstitutunda asistent və dosent vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Arxivinin müdiri, Azərbaycan Elmi Tədqiqat İnstitutunun tarix şöbəsinin elmi katibi olmuşdur. Tarix, etnoqrafiya, folklor və təbiətşünaslıq sahəsində elmi tədqiqat aparmış, “Elmi-heyvanat” dərsliyini, “Müctəhid feodal Ağa Mir Fəttah”, “Şəki xanlarının tarixi və onların nəsli”, “Folklor materiallarının təsnifi”, “Türk sistemli kəndlərdə totemizm”, “İran və Osmanlı məsələsi” əsərlərini yazmış, beşcildlik Azərbaycan tarixini yazmaq üçün material toplamışdır.

Abdullabəy Divanbəyoğlunun zəngin bədii irsi vardır. O, “Əbdül və şahzadə” (1902), “Can yanğısı” (1903), “İlan” (1906), “Fəhlə” (1907), “Ərdoy dərəsi” (1920), “Cəng” (1911) və s. romantik povest və hekayələrin müəllifi kimi tanınmışdır. Yazıçı, pedaqoq, folklorşünas kimi səmərəli fəaliyyət göstərən Abdulla bəy Divanbəyoğlu Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biridir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər