Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fərhad Ağazadə kim olmuşdur?


Fərhad Ağazadə 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini Şuşa şəhərində almışdır. 1896-cı ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş və oranı 1900-cü ildə bitirmişdir. Şuşa və Gorusda ikisinifli məktəbdə müəllim işləmişdir.

1905-ci ildə Bakıya köçmüş, buradakı rus-Azərbaycan məktəbinin III şöbəsinə müəllim təyin edilmişdir. 1907-ci ildə əvvəlcə IV, sonra I rus-Azərbaycan məktəbində müəllim işləmişdir.

Fərhad Ağazadə Azərbaycanda maarifin inkişafında özünə məxsus yeri olan “Nicat” xeyriyyə cəmiyyətinin yaranmasında yaxından iştirak etmiş, idarə heyətinə seçilmişdir.

Fərhad Ağazadə Mirzə Fətəli Axundovdan sonra yeni əlifba uğrunda ardıcıl mübarizə aparan ziyalılarımızdan ən fəalı olmuşdur. Dövri mətbuatda Şərqli təxəllüsü ilə yazılar dərc etdirmiş, əlifba islahatı ilə bağlı silsilə məqalə yazmışdır. O, Azərbaycan dilinin keşiyində duran, onun inkişafına mane olanlara qarşı mübarizə aparan əsl maarif fədaisi idi.

Fərhad Ağazadə Sovet İttifaqı üzrə yaradılmış yeni əlifba komitəsi şurasının 14 üzvündən biri olmuşdur.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər