Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həsən bəy (Məlikov) Zərdabinin məktəb və universitet təhsili haqqında nə bilirsiniz?


Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyasının Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Babası Rəhim bəy və atası Səlim bəy də öz dövrünün maarifpərvər adamlarından olmuş, Göyçay qəzasında mesenatlıqla məşğul olaraq elmə, maarifə, incəsənətə himayəçilik etmişlər.

Həsən bəy atasının öz evində qurduğu məclislərdə elmi söhbətləri, mübahisələri dinləmiş, oxunan kitablara böyük həvəslə qulaq asmışdır. İlk təhsilini atasından alan Həsən bəy sonra Zərdabdakı mədrəsəyə göndərilmişdir. Lakin o burada oxumamış, 1852-ci ildə Şamaxı şəhərində yenicə açılmış məktəbə qəbul olunmuşdur.

Professor Ziyəddin Göyüşov yazır ki, Həsən bəy Şamaxı məktəbinin buraxılmış imtahanlarını heyranedici bir müvəffəqiyyətlə vermiş və həmin imtahanlarda iştirak edən Qafqaz Təhsil Dairəsinin müdiri baron Nikolay istedadına görə onu dövlət hesabına Tiflis gimnaziyasına göndərməyi məsləhət görmüşdü: O zaman Həsən bəyin atası vəfat etmişdi. O, böyük qardaşlarının himayəsində idi. Əvvəlcə böyük qardaşları onun Tiflisə getməsinə razı olmurlar. Atalarının dayısı, o zaman Tiflisdə yaşayan general Fərəc bəy Ağayev bundan xəbər tutur və təkid edir ki, qardaşları Həsən bəy Tiflis gimnaziyasına oxumağa getməsinə razılıq versinlər. Həsən bəy qardaşlarının razılığı ilə 1858-ci ildə müvəffəqiyyətlə imtahan verərək Tiflis gimnaziyasının V sinfinə daxil olmuşdur.

Həsən bəy Tiflis gimnaziyasını 1860-cı ildə gümüş medalla bitirib, 1861-ci ilin avqust ayında Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə imtahansız qəbul olunmuşdur. Həsən bəy 1865-ci ildə Moskva Universitetini “əla” qiymətlərlə bitirmişdir. Təsadüfi deyildir ki, 1865-ci ilin iyun ayının 10-da Moskva Universitetinin Elmi Şurası nümunəvi əxlaqına və təhsildə uğurlarına görə ona namizədlik dərəcəsi vermişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər