Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həsən bəy Zərdabinin təhsildən sonrakı həyatının ilk dövrü


Təhsilini başa vuran Həsən bəyə orada qalmaq təklif edilsə də, o, Vətənə qayıtmış, əvvəlcə Tiflis “mejevoya palata” idarəsinin 8-ci mejevoy komissiyasında çalışmış, sonra Qubada məhkəmə katibi vəzifəsində işləmişdir. O, 1868-ci ildə işdən azad olunmuş, 4 ay işsiz qalmış, sonra 1869-cu ilin noyabrın 18-də Qafqaz Tədris Dairəsinin pepeçitelinin əmri ilə Bakı realnı gimnaziyasına təbiyyat tarixi müəllimi vəzifəsinə təyin olunmuşdur.

Həmin vaxtlar Bakı realnı məktəbində azərbaycanlı şagirdlərin sayı ildən-ilə artırdı. Binanın darısqallığı, maddi vəsaitin yoxluğu, müəllim kadrlarının azlığı təhsil almaq arzusunda olanların çoxunun istəyinin həyata keçməsinə mane olurdu. Bütün bunları görən, millətin tərəqqisi üçün imkan və bacarığını əsirgəməyən Həsən bəy Zərdabi Zaqafqaziyada kasıb uşaqların orta məktəblərdə oxumasına maddi kömək göstərmək məqsədilə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşdü. O, güman edirdi ki, kasıb uşaqların təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilməsində və pulsuz oxumasında bu cəmiyyətin böyük xeyri olacaqdır. Bu məqsədlə o, xeyriyyə cəmiyyətinin nizamnaməsini hazırlayıb hökumətə təqdim edir. Bu nizamnamə “Müsəlmanlardan dərs oxuyan uşaqlara ianət etmək üçün fərahəm olan icmanın vaxtilə qərar olunan qaidəsidir” adlanırdı.

Həsən bəy Zərdabi “Həyat” qəzetinin 1905-ci il 8 dekabr tarixli 115-ci sayında dərc edilmiş məqaləsində “Cəmiyyəti-xeyriyyə binası” barədə ətraflı məlumat verir. Bakıda təşəbbüsünün reallaşmamasından mütəəssir olan Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirov və Ələsgər Adıgözəlovla birlikdə cəmiyyətə üzv yazdırmaq və vəsaiti toplamaq məqsədi ilə Qafqaz vilayətinin müsəlmanlar yaşayan digər şəhərlərinə səfərə çıxırlar. Onların ilk səfərləri Şamaxıya olur. Müəllif bunun səbəbini izah edərək yazır ki, Şamaxıda təhsil aldığım və burada çoxlu dost-tanışım, qohumlarım olduğu üçün cəmiyyəti-xeyriyyə işinə məhz buradan başladım.

Həsən bəy Zərdabi camaatı Şamaxıda maarif işlərinə qayğı göstərən Kərim bəy Hüseynbəyovun evinə dəvət edir, amalını söyləyir, sonra notariusda möhürlətdiyi dəftəri açıb stolun üstünə qoyur. Məclisdəkilər bir-bir gəlib dəftərə qol çəkirlər. Xeyriyyə cəmiyyəti üçün iki min manata qədər pul toplanır. Həsən bəy Zərdabi səfərdə olduğundan pulu özü ilə götürməyə ehtiyat edir, üzvlərdən toplanmış məbləği Bakıya, cəmiyyətin adına göndərməyi xahiş edir. Sonra Gəncəyə, Tiflisə, İrəvana, Naxçıvana, oradan da atla Şuşaya gedirlər. Cəmiyyətin ünvanına pul göndərilməsə də, o, uşaqları ikinci ildə saxlamış, lakin üçüncü il məcbur olub evlərinə geri göndərmişdi. Cəmiyyətin nizamnaməsinin 14-cü maddəsinə görə hansı cəmiyyəti-xeyriyyə iki il hesab göndərməzdisə, o, bağlanmalı idi. Elə bu səbəbdən də Həsən bəy Zərdabinin min bir əzab-əziyyətlə əsasını qoyduğu xeyriyyə cəmiyyəti bağlandı. Amma bu təşəbbüs təsirsiz də qalmadı.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər