Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda Xalq Cümhuriyyəti dövründə Azərbaycanda təhsil


Ölkədə təhsilin milliləşdirilməsi, məktəb islahatı uğurla həyata keçirilsə də, bu prosesi ləngidən bir çox amillər var idi. Həmin amillərdən ən başlıcası, əvvəlki illərdə də olduğu kimi peşəkar müəllim kadrlarının azlığı idi. Buna görə də müəllim hazırlığı məsələsi ilk gündən milli hökumətin fəaliyyətində əsas yerlərdən birini tuturdu. Bu məsələnin tezliklə həlli üçün hökumət bir neçə istiqamətdə (yeni müəllimlər seminariyaları yaratmaq, müəllimlər üçün hazırlıq kursları təşkil etmək, Türkiyədən müəllimlər dəvət etmək) iş aparırdı.

Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim respublikada xalq maarifinin yenidən təşkilində səylə çalışır, dərsliklər, tədris vəsaitləri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs deyirdilər. Hökumətin qərarı ilə dəvət olunan müəllimlərə yerli müəllimlərin əmək haqqından 50% artıq maaş verilirdi.

Yerlərdə ziyalılar bu təşəbbüsü dəstəkləyir, onun həyata keçirilməsi üçün əllərindən gələni əsirgəmirdilər. Məsələn, Gəncədə tanınmış maarifçi-xeyriyyəçi Ələkbər bəy Rəfibəyli əlaqələrindən istifadə edərək Gəncəyə Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə çalışmışdır. Gəncəli gənclərin xaricdə təhsil almaları üçün də Ələkbər bəy Rəfibəyli xeyli səy göstərmişdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər