08/04/2019
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dosent Tamilla Zeynalovanın 75 yaşı tamam olur.
Tamilla Yusif qızı Zeynalova 05 aprel 1944-cü ildə Azərbaycan Respublikası Tovuz rayonu Dönükqrıxlı kəndində anadan olmuşdur.
Tamilla Zeynalova 1966-cı ildə S.M. Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1969-cu ildə Az SSSR EA RMİ-da aspiranturaya daxil olaraq M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Elmi-Tədqiqat İnstitutuna aspirant hazırlığı üçün ezam olunmuşdur.
O,1973-cü ildə “Sürüncəklik şəraitində polimer materiallardan düzəldilmiş konstruksiya elementlərinin dayanıqlığı” mövzusunda dissertasiya işini müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsini almışdır. Qeyd edək ki, Tamilla Zeynalova Azərbaycanda “Deformasiyalanan bərk cisim mexanikası” sahəsində namizədlik dissertasiyası müdafiə edən ilk qadındır.
O, ani qeyri-xətti deformasiyanı nəzərə almaqla başlanğıc əyrilikli qeyri-xətti özlü elastik konstruksiya elementlərinin dayanıqlığının itirilməsi məsələlərinin hesablanma metodunun vermişdir, böhran qüvvəsini və zamanını təyin etmişdir. Sərt trosla armirləşmiş qeyri-xətti və qeyri-xətti-özlü elastiki materialdan düzəlmiş halqanın dayanıqlıq məsələsini araşdırmışdır. Kontinual nəzəriyyəyə əsaslanaraq əyri strukturlu laylı kompozit materialdan düzəlmiş lövhələrin, müxtəlif sərhəd sərtlərdə və müxtəlif qüvvələr təsirindən, qərqinlik-deformasiya vəziyyətini, dayanıqlığını, rəqsi hərəkət zamanı məxsusi tezliyini strukdurdakı əyrilik parametrlərini nəzərə almaqla təyin etmişdir.
T. Zeynalova 1972-ci ildən indiyə kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir.
O, 2004-2014-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin “Nəzəri mexanika və Bütöv mühit mexanikası” kafedrasında pedoqoji fəaliyyət göstərmişdir.
T. Zeynalova SSSR-in yaranmasının 50 illiyinə həsr olunmuş “İnşaat mexanikasında dayanıqlıq problemləri” haqqında IV Ümumittifaqı konfransında və eləcədə respublikada keçirilən beynəlxalq konfranslarda elmi məqalələrlə çıxış etmişdir. Onun elmi məqalələri Azərbaycanın, Rusiyanın, Ukraynanın və Latviyanın elmi jurnallarında çap olunmuşdur.
2005-ci ildə Tamilla Zeynalova AMEA-nın 60 illiyi və Riyaziyyat və Mexanika İnstitutunun 50 illiyi münasibətilə uzun illər səmərəli elmi xidmətlərinə görə, 2009-cu ildə AMEA-nın fəxri fərmanı ilə təltif edilmişdir.
T. Zeynalova Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” media mükafatı laureatıdır.
2016-cı ildə T. Zeynalova “Əmək veteranı” ilə təltif olunub.
Hal-hazırda Tamilla xanım “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsində çalışır. Onun 71 elmi işi nüfuzlu jurnallarda çapdan çıxmışdır.
İnstitutun kollektivi Tamilla xanımı 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.