Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi


15 İyun Milli Qurtuluş Günü xalqımızın tarixinin parlaq səhifələrindən birini təşkil edir. Bu bayram şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Qurtuluşa nail olunması prosesi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi kimi ağır sınaqlardan keçmişdir.

Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi və siyasi çəkişmələri yalnız zəngin dövlətçilik təcrübəsi olan bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana – Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi.  1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi.   Bir neçə gün sonra iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Azərbaycan xalqı onu ağır bəlalardan qurtaran xilaskarını – Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.

Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni – bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir.

Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan cənab İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıra biləcək.

Bu gün əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş – azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər