Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi ictimaiyyətin nəzərinə: Əsl elmdən danışaq


Birinci yazımızda  “Web of Science” (Clarivate Analytics) jurnallarındakı çap olunan məqalələrdən bəhs etmişdik. Bu günki yazımızda isə “Web of Science” elmi verilər bazasındakı istinadlar (citations), təsir əmsalı (impact factor), H-indeks və Publons rəyləri haqqında vacib məlumatları verəcəyik, həm də bunlardan sui-istifadə etməyə çalışan “psevdo-alimlərlə” əlaqəli neqativ hallara toxunacağıq.

İstinadlar. Müasir elmdə məqalələrə istinadlar almaq məqalə çap elətdirmək qədər önəmlidir. İstinadlar üzrə ən çox populyar olan təbii ki, elmi verilərin “Web of Science” bazasıdır. İstinadlarda elm adamlarının diqqətini çəkən ikinci veri bazası Scopus adlanan veri bazasıdır. Onu da qeyd edək ki, Scopus bazası Avropa Birliyinin elmi qurumları tərəfindən yaradılıb və keçən əsrin 90-cı illərinin ortalarından bu günə qədər olan elmi veriləri diqqətə alır, halbuki ABŞ-ın başlanğıcda ISI (Elmi İnformasiyalar İnstitutu) adlanan “Web Science” bazası isə 1945-ci ildən bu günə qədər olan elmi bilgiləri əhatə edir. Buna görə də istinad ölçümündə elmi ictimaiyyət daha geniş və daha keyfiyyətli bilgiləri “Web of Science” bazasından əidə edir. Niyə deyirik ki, “Web of Science” bazasındakı bilgilər daha keyfiyyətlidir: çünki Scopus jurnallarının bir çoxu “Web of Science” jurnalları siyahısına daxil edilməyib, ona görə də bu cür jurnallardakı məqalələrdən alınan istinadlar Scopus bazasında yer alır, amma “Web of Science” bazasında isə yer almır. İstinadlarda elm adamlarının diqqətini çəkən üçüncü veri bazası “Google Scholar” adlanan veri bazasıdır. Baxmayaraq ki, bu bazadakı bilgiler çox genişdir, amma keyfiyyət nöqteyi-nəzərindən isə ən düşükdür, çünki bu baza bütün mümkün olan jurnallardakı məqalələrdən alınan istinadları diqqətə alır. Heç bir ciddi elmi jurnal öz səhfəsində “Google Scholar” tərəfindən indeksləndiyi haqqında bir məlumat vermir, əksinə hər bir ciddi elmi jurnal birinci olaraq “Web of Science” veri bazasının SCI, SCI-Exp və ya ESCI indeksləri tərəfindən darandığı haqqında məmuniyyətlə bilgi verirlər. Çox təəsüf ki, ucuz şöhrət arxasınca qaçan bəzi “elm” adamları özlərinin “Google Scholar” bazasından aldıqları istinadları qabardırlar. Sonda onu da qeyd edim ki, “Google Scholar” bazasındaki istinadlar hər hansı alim haqqında ilkin və dərin olmayan məlumat verir, ama daha dərin və obyektiv məlumatı “Web of Science” vəya heç olmazsa “Scopus” bazasından əldə edə bilərsiniz.

İstinad mövzusunda bir məsələyə də toxunmaq istəyirəm: İstinadlar çox vacibdir, amma təbii ki, məqalə yazılmalıdır ki, ona istinad olsun. Yəni, məqalələr haqqında reytinq balı istinadlar haqqında reytinq balından ən az bir addım öndə olmalıdır, elmi qurumlar müsabiqələr keçirərkən bunu mütləq diqqətə almalıdır. Əlavə olaraq, onu da qeyd edək ki, bu müsabiqələrdə istinad olunan məqalələrdəki müəllif sayına da diqqət etmək lazımdır, belə ki, elə istinad alan məqalə var ki, o 10 müəllif tərəfindən yazılıb, eləsi də var ki, 1 müəllif tərəfindən yazılıb, onda bunların aldığı müsabiqə balları arasında 10 qat fərq olmalıdır. Bu yanaşma bir çox inkişaf etmiş ölkələrdə məqalələrə verilən ballarda da tətbiq edilir, və obyektiv yanaşmadır.

İmpakt faktor. Məqalələrin yüksək impakt faktorlu jurnallarda çap olunması qədər, onların bu cür jurnallardan istinad alması da önəmlidir. İmpakt faktor, jurnalın aldığı istinadların sayını jurnaldakı məqalələrin sayına bölünməklə əldə ediən bir ədədlə göstərilir. Qeyd edək ki, müxtəlif veri bazasında jurnallar çox fərqli impakt faktora sahib olur. Məsələn,”Google Scholar”-da çox yüksək impakt faktora sahib ola bilərsən, amma “Web of Science”-de impakt faktorun isə sıfıra yaxın olur. Ona görə də hansı bazadakı impakt faktordan söhbət getdiyi önəmlidir. Bu məsələdə də ən dərin və keyfiyyətli bilgini “Web of Scince” təqdim edir.

Son illərdə müxtəlif “elmi” veri bazaları yagışdan sonra çoxalan göbələk kimi artmaqdadır. Bu veri bazalarında bəzi jurnalların elə yüksək impakt faktorlarından bəhs olunur ki, əsl alimləri dərhal şübhələndirir. Bu jurnalları “Web of Science”-da kontrol etdikdə məlum olur ki, onların bu bazadakı impakt faktörü sıfırdır. Çox təəsüf ki, bəzi alimlər bu jurnalların “qarmağına” düşür və hətta fəxr edir ki, yüksək impakt faktorlu jurnalda məqalə çap elətdirib. Bu “qarmağa” düşən alimlər haqqında onu deyə bilərəm ki, bu ən azından onların qeyri-professionallığıdır.

Son zamanlar ”Web of Science”, jurnallar üçün impakt faktordan daha keyfiyyətli ölçü alətini tətbiq etməyə başlayıb. Başlanğıcı 2008-ci ildə Vaşinqton Universitesi tərəfindən qoyulan “Eigen factor (Məxsusi faktor)” əsl elmin ölçümündə daha düzgün nəticələr verir. Mürəkkəb riyazi düsturla hesablanan bu faktorun mahiyyəti ondan ibarətdir ki, eigenfaktor hər bir istinadı nəzərə almır, yalnız impakt faktoru özündən daha yüksək olan jurnallardan gələn istinadları nəzərə alır, həm də əlavə olaraq, jurnalın öz-özünə istinadlarını da nəzərə almır. Bu eigenfaktor əsasında “Web of Science” jurnallarında çap olunan məqalə üçün “Article Influnce Score” (Məqalə nüfuz balı) çıxarılır. Söylənənlərdən aydın olur ki, impakt faktoru çox yüksək olan və bunu qabardan bəzi “Web of Science” jurnallarının “Məqalə nüfuz balı” çox aşağıdır. Bəzi ölkələrdə, o cümlədən qardaş Türkiyə Respublikasında “Web of Scince” jurnallarında çap olunan məqalələrə pul təşviqi mükafatları yüksək impakt faktora görə deyil, yüksək “Məqalə nüfuz balı”-na görə verilir.

H-indeks. Prof. J.Hirsch tərəfindən 2005-ci ildə daxil edilmiş H-indeksinin məqsədi əsl elmdə kəmiyyət ilə keyfiyyəti birləşdirməkdir. Belə ki, əgər müəllifin H-indeksi 5-ə bərabərdirsə, bu o deməkdir ki, onun “Web of Science” bazasındakı jurnallarda çap olunan məqalələrindən 5-i bu bazada çap olunan jurnallardan ən az 5 istinad alıb. Qeyd edək ki, H-indeks həm müəlliflər, həm də jurnallar üçün hesaplanır. Qeyd edək ki, bütün veri bazaları H-indeksini daxil edir. Amma təbii ki, ciddi elmi dairələr tərəfindən “Web of Science” bazasındakı H-indeks diqqətə alınır. Bəzi alimlərimiz H-indeksi deyəndə “Google Scholar”-da olan H-indeksini “qabardırlar”. Yuxarıda anlatdıqlarımdan anlaşılır ki, bu əsl elmdə doğru yanaşma deyil.

Publons üzrə rəylər. Publons “Web of Science” bazasına integrə olunmuş bir alt elmi veri bazasıdır, əsasən elmi jurnallara verilən rəylər üzrə ixtisaslaşıb (rəylər müsbət və ya mənfi ola bilər). Təbii ki, Publons qrupu “Web of Science” jurnallarına təqdim olunan məqalələrə yazılan rəyləri önə çıxarır və bu rəylərin sayı hər il güncəllənir və əsl elm adamlarına yazdıqları rəyin sayına görə reytinq cədvəli verilir. Yaxşı olar ki, ölkəmizdə keçirilən elmi müsabiqələrdə rəylərin sayı bu bazadan təmin edilsin.

Qeyd edək ki,nüfuzlu “Web of Science” jurnallarına rəy yazan alimlər öz sahəsində nüfuzlu və tanınmış elm adamları olurlar. Çox təəsüf ki, dəqiq elmlərdən fərqli olaraq humanitar elmlər sahəsində ölkəmizin alimlərindən nüfuzlu “Web of Science” jurnallarındakı məqalələrə rəy yazanlar demək olar ki, yoxdur. Əgər bizim bu sahənin alimləri də aktiv fəaliyyət göstərsələr, onda çox nüfuzlu “Web of Science” jurnallarının baş redaktorları ölkəmizlə əlaqəli olan hər hansı məqaləyə rəy almaq üçün onlara da mütləq müraciət edəcəklər və onlar da öz rəyləri ilə ölkəmizə qarşı yönəlmiş qeyri-obyektiv yanaşmaların yer aldığı məqalələrin qarşısını kəsmiş olacaqlar.

Arif Səlimov

Əməkdar elm xadimi,

Fizika-riyaziyyat elmləri doktoru, professor,

BDU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri

https://www.adalet.az/

Faydalı linklər